Oktyabrın 14-dən Bakı Ekspo Mərkəzində Azərbaycanın tikinti, inşaat və ətraf mühit texnologiyaları sektorunda ən mühüm sərgi olan “BakuBuild” - 31-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisində İtaliyanın milli pavilyonunu açılıb.
“Tehsil365” xəbər verir ki, təşəbbüs İtaliya sənayesinin mükəmməlliyini nümayiş etdirmək, İtaliya şirkətləri ilə Azərbaycan bazarının aparıcı şirkətləri arasında yeni əməkdaşlıq imkanlarını təşviq etmək məqsədilə İtaliya Ticarət Agentliyi, ANIMA (Mexaniki Sənaye Sahələri üzrə Federasiyası ) və FINCO-nun (Tikinti üçün Məhsullar, Qurğular, Xidmətlər və İxtisaslaşmış İşlər Sənayesi Federasiyası) əməkdaşlığı ilə təşkil olunub.
İtaliyanın milli pavilyonunda 24 İtaliya şirkəti iştirak edir. Ümumilikdə sərgidə fərdi stendlərlə və ya yerli nümayəndələr vasitəsilə iştirak edən digər İtaliya müəssisələrini də nəzərə alsaq, iştirak edən İtaliya şirkətlərinin ümumi sayı 43-ə çatır. Onlar tikinti və infrastruktur üçün geniş çeşiddə məhsul, texnologiya və həllər təqdim edərək İtaliya müəssisələrinin Azərbaycan bazarına olan marağını və uzunmüddətli ticarət əlaqələri qurmaqda maraqlı olduqlarını bir daha təsdiqləyirlər.
Açılış nitqində İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko ölkənin inkişafında infrastruktur və tikintinin strateji əhəmiyyətini vurğulayıb. Səfir İtaliya və Azərbaycan arasında əməkdaşlığın sadə ticarət mübadiləsindən kənara çıxaraq sənaye tərəfdaşlığına, təcrübə mübadiləsinə və birgə layihələrin həyata keçirilməsinə töhfə verə biləcəyini qeyd edib.
Səfir, həmçinin İtaliya Respublikasının Prezidenti Serco Mattarella və Nazirlər Şurasının Sədri Ciorcia Melonin Azərbaycana səfərləri də daxil olmaqla, yüksəksəviyyəli intensiv təmaslarla möhkəmlənən ikitərəfli əlaqələrin mükəmməl səviyyədə olduğunu xatırladıb. Bu möhkəm əməkdaşlıq müxtəlif iqtisadi sektorlarda yeni inkişaf perspektivləri açır.
İtaliyanın "Baku Build" sərgisindəki iştirakı milli sənaye sisteminin rəngarəngliyini və ixtisaslaşmasını nümayiş etdirdi. Bu sərgi yalnız məhsul deyil, həm də texnologiyalar, mühəndislik bilikləri, avadanlıqlar, innovativ materiallar və yüksək əlavə dəyərli həllər təklif etmək iqtidarındadır.
İtaliya texnologiyaları və məhsullarının təşviqindən əlavə, "Baku Build" sərgisində iştirak peşəkar təmaslar qurmaq, B2B görüşləri təşkil etmək, İtaliya və Azərbaycan müəssisələri arasında təcrübə mübadiləsini stimullaşdırmaq üçün praktiki imkan kimi nəzərdə tutulub.
Məqsəd yalnız məhsul tədarükü ilə məhdudlaşmayan, həm də nok-hau (know-how) mübadiləsi, birgə layihələrin işlənməsi, həllərin yerli bazarın ehtiyaclarına uyğunlaşdırılması və sabit sənaye tərəfdaşlıqlarının yaradılmasına yönəlmiş əməkdaşlığı təşviq etməkdir.
Bu çərçivədə İtaliyanın milli pavilyonu İtaliya istehsalat mükəmməlliyinin nümunəsi və eyni zamanda, ikitərəfli iqtisadi əlaqələri gücləndirmək və yeni biznes imkanlarını təşviq etmək üçün bir platformadır.
İtaliyanın "Baku Build 2026" sərgisində iştirakı milli şirkətlərin xüsusi təcrübə, innovativ texnologiyalar və uzunmüddətli əməkdaşlığa yönəlmiş baxışla Azərbaycan bazarının inkişafına töhfə vermək istəyini təsdiqləyir.
Sərgidə iştirak edən İtaliya şirkətlərinə İtaliya Ticarət Agentliyi tərəfindən göstərilən dəstəyi tamamlamaq məqsədilə oktyabrın 15-16-da bu sektorda fəaliyyət göstərən 15 gürcü şirkətindən ibarət nümayəndə heyəti İtaliyanın milli pavilyonunu ziyarət edəcək. Nümayəndə heyətinin missiyası İtaliya Ticarət Agentliyinin Bakı və Tiflis Ofisləri tərəfindən təşkil olunub.
Sərgi oktyabrın 18-dək davam edəcək.

