"Azərbaycan beynəlxalq miqyasda nüfuzlu ölkələrdən biridir və rəqəmsallaşma, rəqəmsal transformasiya, eləcə də kibertəhlükəsizlik sahələrində mühüm addımlar atır. Ölkənin geosiyasi mövqeyi, Şimal-Cənub və digər nəqliyyat-kommunikasiya dəhlizləri üzərində yerləşməsi, eləcə də geniş informasiya axınlarının keçid nöqtəsində olması həm böyük imkanlar, həm də müəyyən risklər yaradır".
“Tehsil365” xəbər verir ki, bunu Baku TV-yə açıqlamasında "AzScienceNet" Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri Babək Nəbiyev deyib.

O bildirib ki, bu risklərdən biri də dövlət qurumlarının və rəqəmsal xidmətlərin kiberhücumların hədəfinə çevrilməsidir:
"Rəqəmsal xidmətlərin sayının artması, bir çox sahədə əməliyyatların elektron formada həyata keçirilməsi informasiya təhlükəsizliyinin təmin olunmasını daha da aktuallaşdırır.
Azərbaycanda bu istiqamətdə dövlət siyasəti və strategiyaları mövcuddur. 2023-2027-ci illəri əhatə edən informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik strategiyası, Milli Kibertəhlükəsizlik Mərkəzinin yaradılması, eləcə də rəqəmsal arxitekturanın inkişafı ilə bağlı təşəbbüslər bu sahənin dövlət səviyyəsində prioritet olduğunu göstərir.
Son dövrlərdə süni intellektin inkişafı, rəqəmsal texnologiyaların geniş tətbiqi və elektron dövlət xidmətlərindən istifadənin artması yeni təhlükəsizlik çağırışları yaradır. Bu cür təhdidlər yeni deyil və əvvəlki illərdə də müşahidə olunub. Gələcəkdə də onların baş verməsi istisna edilmir. Buna görə də mümkün hücumların qarşısının alınması, onların təsirlərinin minimuma endirilməsi və hadisələrə vaxtında reaksiya verilməsi üçün müvafiq tədbirlərin görülməsi vacibdir".
B.Nəbiyevin sözlərinə görə, kibertəhlükəsizliyin təmin edilməsində daxili koordinasiya ilə yanaşı, beynəlxalq əməkdaşlıq da mühüm rol oynayır:
"Beynəlxalq təşkilatlarla əlaqələrin gücləndirilməsi, təhdidlərin vaxtında aşkarlanması, mümkün zərərin qarşısının alınması və sistemlərin qısa müddətdə bərpası əlaqələndirilmiş şəkildə həyata keçirilməlidir.
Kiberhücumlar çox vaxt əvvəlcədən hazırlanmış ssenarilər əsasında, konkret hədəflərə yönəldilmiş formada həyata keçirilir. Dövlət domenlərinin hədəf alınması isə mütləq şəkildə şəxsi məlumatların və ya dövlət sirri təşkil edən informasiyaların sızması demək deyil.
Belə hücumların bir qismi sistemlərin əlçatanlığını məhdudlaşdırmağa yönəlir. Başqa sözlə, istifadəçilərin açıq internet resurslarına və elektron xidmətlərə girişində problemlər yarana bilər. Bu, məlumatların oğurlanmasından fərqli hücum növüdür və sistemlərin fəaliyyətinə müvəqqəti maneələr yarada bilər.
Bu cür hücumlara qarşı müxtəlif müdafiə mexanizmləri mövcud olsa da, onların qarşısını almaq hər zaman asan olmur. Buna görə də texniki müdafiə sistemlərinin gücləndirilməsi, operativ müdaxilə imkanlarının artırılması və təhlükəsizlik tədbirlərinin davamlı təkmilləşdirilməsi mühüm əhəmiyyət daşıyır".

