Azərbaycan Texniki Universitetində (AzTU) Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında qarşıya qoyulan vəzifələr, qurultayda səsləndirilən prioritet istiqamətlər və onların həyata keçirilməsi ilə bağlı müşavirə keçirilib.
“Tehsil365” xəbər verir ki, bu barədə” AZƏRTAC” a Universitetdən bildirilib ki, universitetin foyesində Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib.
Müşavirədə AzTU-nun rektoru Vilayət Vəliyev, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP İdarə Heyətinin üzvü Əfsun Sucayev, “Hüseyn Cavid 25” ünvanı üzrə (AzTU) ərazi partiya təşkilatının sədri Həbib Mirzəyev və AzTU-nun Xüsusi texnika və texnologiya fakültəsinin dekan müavini Amin Məmmədov çıxış ediblər.
Çıxışlarda YAP-ın VIII Qurultayının Azərbaycanın ictimai-siyasi həyatında əhəmiyyətli hadisə olduğu vurğulanıb. Prezident İlham Əliyevin qurultaydakı çıxışında səsləndirdiyi fikirlər diqqətə çatdırılıb, ölkənin inkişaf strategiyası, qarşıda duran hədəflər və partiyanın fəaliyyət istiqamətləri ətrafında müzakirələr aparılıb.
Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasi xəttin əsasını dövlətçilik ənənələrinin qorunması, milli maraqların təmin olunması, Azərbaycanın davamlı inkişafı və cəmiyyətin rifahının yüksəldilməsi təşkil edir.
Müşavirədə YAP-ın VIII Qurultayında qəbul edilmiş qərarların və qarşıya qoyulmuş vəzifələrin mahiyyəti geniş şəkildə müzakirə olunub.
Tədbirdə ölkədə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətləri, Azərbaycanın sosial-iqtisadi inkişafı, gənclərin ictimai-siyasi həyatda iştirakı və onların təşəbbüskarlığının artırılması məsələlərinə də xüsusi diqqət yetirilib. Vurğulanıb ki, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi, eləcə də onların intellektual potensialının və biliklərinin inkişaf etdirilməsi mühüm vəzifələrdəndir.
Universitetdə tələbə və gənclərlə işin səmərəli təşkili, onların ictimai fəallığının artırılması və müxtəlif təşəbbüslərinin dəstəklənməsi məsələləri də müzakirə olunub. Bu istiqamətdə maarifləndirmə tədbirlərinin davam etdirilməsinin, gənclərin ictimai proseslərə daha fəal cəlb olunmasının və qarşıya qoyulan vəzifələrin icrasına sistemli yanaşmanın vacibliyi qeyd edilib.
Müşavirənin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

