“Azərbaycan və Ermənistan arasında sülh prosesi, yekun sülh sazişinin imzalanması perspektivləri və beynəlxalq güclərin Cənubi Qafqazdakı maraqları ilə bağlı müxtəlif fikirlər mövcuddur. Regionda davamlı sülhün təmin olunması və ikitərəfli münasibətlərin normallaşması baxımından mövcud problemlərin həlli mühüm əhəmiyyət daşıyır”.
Bu fikirləri “Tehsil365”ə müsahibəsində politoloq Zaur Məmmədov bildirib.
– Zaur bəy, hazırda Azərbaycan və Ermənistan arasında sülh prosesinin hansı mərhələdə olduğunu düşünürsünüz və yekun sülh sazişinin imzalanmasına mane olan əsas amillər hansılardır?
“Azərbaycan və Ermənistan arasında sülh prosesi davam etməkdədir. Məlum olduğu kimi, rəsmi Bakı yekun sülh sazişinin imzalanması ilə bağlı mövqeyini bir daha bəyan edib. Bu mövqe Ermənistanın yeni Konstitusiyasının qəbul edilməsi məsələsi ilə bağlıdır.
Ermənistanın baş naziri Nikol Paşinyan çıxışında sülh sazişinin imzalanmasının vacibliyinə toxunub və sazişin imzalanmağa hazır olduğunu bildirib. Lakin referendum və yeni Konstitusiya ilə bağlı konkret açıqlamaların olmaması göstərir ki, bu istiqamətdə hələ də həllini gözləyən məsələlər var.
ABŞ Prezidenti Donald Trampın təşəbbüsləri çərçivəsində nəqliyyat yollarının açılması və sülh sazişinin imzalanması ilə bağlı Ermənistan rəhbərliyinin müsbət bəyanatlar səsləndirməsi yaxşı haldır. Ancaq real vəziyyətə baxdıqda, Zəngəzur dəhlizinin açılması, dəmir və avtomobil yollarının bərpası istiqamətində konkret addımların atılması vacibdir. Eyni zamanda, referendum və yeni Konstitusiya ilə bağlı məsələlər də tam aydın deyil.
Ümumilikdə, iki ölkə arasında sülh ab-havasının mövcud olması və son illərdə müəyyən nailiyyətlərin əldə edilməsi müsbət haldır. Lakin bu nailiyyətlərin davamlılığının təmin edilməsi və möhkəmləndirilməsi üçün sülh müqaviləsinin imzalanması mühüm əhəmiyyət daşıyır”.
– Sülh sazişinin imzalanması Azərbaycanın siyasi və iqtisadi mövqeyinə, eləcə də regiondakı nüfuzuna necə təsir göstərə bilər?
“Dövlətlər arasında sülh müqavilələrinin imzalanması və münasibətlərin normallaşması regional və beynəlxalq proseslərdən, həmin dövlətlərin suverenliyindən, eləcə də beynəlxalq güclərin regionla bağlı planlarından asılıdır. Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunması da bu amillərlə sıx bağlıdır.
Son illərdə Azərbaycan və Ermənistan arasında əldə olunan nailiyyətlərin davamlılığının təmin edilməsi üçün sülh müqaviləsinin imzalanması vacibdir. Bununla yanaşı, regionda sabitliyin möhkəmlənməsi üçün Azərbaycanın irəli sürdüyü tələblərin yerinə yetirilməsi mühüm əhəmiyyət daşıyır”.
– ABŞ, Rusiya və Türkiyənin Cənubi Qafqazda artan və ya dəyişən maraqları Azərbaycan–Ermənistan münasibətlərinə necə təsir edir?
“Beynəlxalq güclərin regionla bağlı planları dövlətlər arasında münasibətlərə və sülh prosesinə təsir göstərən amillərdəndir. Cənubi Qafqaz ətrafında çoxsaylı müharibə və münaqişələrin mövcudluğu da regionda sabitliyin təmin olunmasını çətinləşdirir.
Dövlətlər arasında münasibətlərin normallaşması və sülhün davamlı olması yalnız ikitərəfli münasibətlərdən deyil, həm də regional və beynəlxalq proseslərdən asılıdır. Bu baxımdan, region dövlətlərinin suverenliyinin qorunması və mövcud məsələlərin həlli mühüm əhəmiyyət daşıyır”.
– Sizcə, yaxın gələcəkdə regionda davamlı sülhün təmin olunması nə dərəcədə realdır və bunun üçün tərəflər hansı addımları atmalıdırlar?
“Cənubi Qafqazda davamlı sülhün təmin olunması üçün regionda mövcud olan problemlərin həlli və əldə edilmiş nailiyyətlərin möhkəmləndirilməsi vacibdir. Son illərdə Azərbaycan və Ermənistan arasında müəyyən nailiyyətlər əldə olunsa da, onların davamlı olması üçün sülh müqaviləsinin imzalanması mühüm əhəmiyyət daşıyır.
Regionumuzun ətrafında çoxsaylı müharibələr və münaqişələr mövcuddur. Belə bir şəraitdə Cənubi Qafqazın sabitlik adasına çevrilməsi mühüm fürsətdir. Lakin bu sabitliyin qorunub saxlanılması üçün Azərbaycanın tələbləri yerinə yetirilməlidir”.

