Oktyabrın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Green Energy TKT CLIL” təlim proqramının ilk sessiyası keçirilib.
“Tehsil365” xəbər verir ki, ADNSU-nun Məzunlarla iş və karyera mərkəzi ilə MMC-nin birgə tərəfdaşlığı çərçivəsində həyata keçirilən proqram bərpa olunan enerji sahəsində biliklərin inkişafını və xüsusi təyinatlı ingilis dili bacarıqlarının təkmilləşdirilməsini hədəfləyir.
Bir ay davam edəcək intensiv və hibrid formatlı proqram beynəlxalq Cambridge TKT CLIL metodologiyasına əsaslanır.
Açılışda Məzunlarla iş və karyera mərkəzinin müdiri Şamil Əhmədov proqramın bütün universitetlərin tələbələri üçün açıq və tamamilə ödənişsiz olduğunu vurğulayıb.
Təlimçi Elnur Ağayev Vorvik Universiteti və ADNSU üzrə ikili magistr təhsilinə malikdir, Cambridge TKT/CLIL sertifikatlarına və 20 illik peşəkar təcrübəyə sahibdir.
Təlimlər həftə içi saat 19:00-da hibrid formatda keçirilir.

