“Qızların təhsildən kənarda qalmaması üçün dövlət tərəfindən kifayət qədər hüquq və imkanlar yaradılıb. Eyni zamanda, qızların təhsilinə dəstək göstərən xeyriyyəçi insanlar da var. Ümumiyyətlə, Azərbaycan xalqı hər zaman qızların təhsilinə maraq göstərib və düşünürəm ki, bu, belə də davam edəcək. Xarici ölkələrdə xalqımızı layiqincə təmsil edən qızlarımız bizim qürur mənbəyimizdir. Həyat göstərir ki, qızların öz kimliyini və mənəviyyatını qorumasında təkcə hicab deyil, düzgün təlim-tərbiyə də mühüm rol oynayır”.
“Tehsil365” “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki,bu fikirləri “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib.
“Valideynlərlə maarifləndirici söhbətlər inandırma yolu ilə aparılmalıdır”
Onun sözlərinə görə, məktəbli forması ilə bağlı qaydaların valideynlərə izahı zamanı hər bir ailənin dini baxışları, dünyagörüşü və fərdi xüsusiyyətləri nəzərə alınmalıdır:
“Bu məsələdə ilk növbədə şəxsin dini inancları və intellektual dünyagörüşü nəzərə alınmalıdır. Valideynlərlə söhbətlərin psixoloqun iştirakı ilə aparılması məqsədəuyğundur. Bəzi ailələr dinin mahiyyətini dərindən bilmədən müəyyən dini qaydaları mexaniki şəkildə yerinə yetirirlər. Buna görə də dini yaxşı bilən şəxslərin iştirakı ilə əsaslandırılmış maarifləndirici söhbətlər aparılmalı, valideynlərə məsələnin mahiyyəti onların anlayacağı dildə izah olunmalıdır. Peyğəmbərin elm öyrənmək üçün dünyanın o başına getməklə bağlı çağırışı da bu söhbətlərdə xatırladıla bilər. Əsas məqsəd insanlara nəsihət vermək deyil, onları əsaslandırılmış izahlarla inandırmaq olmalıdır”.
M.Zeynalova məktəbli forması ilə bağlı qaydaların fərqli istiqamətlərdə təqdim olunmasına da münasibət bildirib. Onun sözlərinə görə, qanunvericiliyin tələbləri bütün vətəndaşlar üçün eyni dərəcədə keçərlidir və şəxsi baxışlar qanunların aliliyindən üstün tutulmamalıdır:
“Stereotiplərin və mövhumatçılığın qanundan üstün tutulması düzgün yanaşma deyil. Hər bir şəxs qanun qarşısında bərabərdir. Qanunların yalnız özümüz üçün məqbul hesab etdiyimiz müddəalarını qəbul edib digərlərinə əməl etməmək doğru deyil. Bununla yanaşı, hər bir insanın dünyagörüşünün fərqli olduğu nəzərə alınmalıdır. Valideynlərlə maarifləndirici söhbətlər aparılarkən onların ailə vəziyyəti, yaşadığı mühit və həyat tərzi də diqqətdə saxlanılmalıdır. İlk növbədə qaydaların mahiyyəti izah edilməli, daha sonra qanunvericiliyin tələbləri və onlara əməl edilməməsinin hüquqi nəticələri barədə məlumat verilməlidir”.
“Uşaqların fikirləri öyrənilməli, onlara şəxsiyyət kimi yanaşılmalıdır”
İctimai Birliyin sədri məktəbli forması və dini inanclarla bağlı müzakirələrdə uşaqların maraqlarının, psixoloji vəziyyətinin və müstəqil qərarvermə bacarıqlarının diqqətdə saxlanılmasının vacibliyini vurğulayıb:
“Bu məsələdə uşağın üstün maraqları əsas götürülməlidir. Hazırkı vəziyyətdə uşaqların dini inanclarla bağlı məsələlərə münasibətinin daha geniş şəkildə öyrənilməsinə ehtiyac var. Bunun üçün ilk növbədə uşaqların özlərinin iştirakı ilə sorğular keçirilməli və mövcud vəziyyət müəyyənləşdirilməlidir. Əldə olunan nəticələr əsasında ehtiyaclara uyğun psixoloji dəstək və reabilitasiya proqramları tətbiq oluna bilər. Uşaqların psixoloji sağlamlığına, sərbəst düşünmək və müstəqil qərar vermək bacarıqlarının inkişafına xüsusi diqqət yetirilməlidir. Uşaqlar özlərinə şəxsiyyət kimi yanaşıldığını hiss etdikdə daha düzgün qərarlar verə bilərlər”.
M.Zeynalova əlavə edib ki, ehtiyac yarandıqda valideynlərə də psixoloji dəstək təklif olunması məqsədəuyğundur.
O, qızların təhsil almasının onların gələcəkdə müstəqil həyat qurması, öz hüquqlarını müdafiə etməsi və cəmiyyətdə layiqli mövqe tutması baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib:
“Təhsilli qızların özlərini qoruma imkanlarının daha geniş olduğunu düşünürəm. Onlar davranışlarında, danışıq və ictimai ünsiyyət formalarının seçimində daha hazırlıqlı olurlar. Qızların təhsil alması onların gələcəkdə müstəqil həyat qurması, öz hüquqlarını müdafiə etməsi və cəmiyyətdə layiqli mövqe tutması baxımından mühüm əhəmiyyət daşıyır. Odur ki, qızlar oxumalıdır. Qoy təhsil onların hicabı olsun”.

