“The Lancet” elmi-tibb jurnalının bir qrup mütəxəssisi XXI əsrin sonuna qədər insan sağlamlığı üçün 17 əsas təhlükəni müəyyən edib.
“Tehsil365” AZƏRTAC -a istinadən xəbər verir ki, bu təhlükələrdən ikisi bəşəriyyətin tamamilə məhvinə səbəb ola bilər. Bunlara süni intellektin zərərli istifadəsi və kütləvi aclığa səbəb ola biləcək nüvə münaqişəsi daxildir.
Qlobal təhlükələr siyahısına iqlim dəyişmələri, pandemiyalar, hava çirkliliyi, antibiotiklərə qarşı müqavimət, piylənmə, siqaretçəkmə, yüksək təzyiq, əqli sağlamlıq problemləri, uşaqların qidalanmaması, sosial bərabərsizlik, aşağı təhsil və beynəlxalq səhiyyə yardımının azalması da daxildir.
Tədqiqatçılar hesablayırlar ki, mövcud tendensiyalar davam edərsə, 17 təhlükənin hər biri 2100-cü ilə qədər dünyada azı bir milyard sağlam həyat ilinin itirilməsinə səbəb ola bilər. Buraya həm vaxtından əvvəl ölüm, həm də xəstəliklə yaşanan illər daxildir.
Alimlər qeyd edirlər ki, varlı ölkələrdə piylənmə və əqli sağlamlıq problemləri əsas təhlükələrdir, aşağı gəlirli ölkələrdə isə qeyri-kafi təhsil və sosial problemlər mühüm rol oynayır.
Alimlərin fikrincə, təhdidlərin miqyasına baxmayaraq, bəşəriyyətin onların qarşısını almaq üçün real imkanları var. Tədqiqatçılar dünya liderlərini vaxtında tədbirlər görməyə, texnologiyaya investisiya qoymağa və səhiyyə sistemlərini gücləndirməyə çağırırlar.

