Oktyabrın 21-27-də Bakı Ekspo Mərkəzində keçiriləcək XII Bakı Beynəlxalq Kitab Sərgisində Bakı Slavyan Universiteti (BSU) də iştirak edəcək.
“Tehsil365” xəbər verir ki, sərgi çərçivəsində universitetin 80 illik yubileyinə həsr olunmuş iki kitabın təqdimatı və panel müzakirəsinin keçirilməsi nəzərdə tutulur. Ziyarətçilər BSU-nun elmi nəşrləri və fəaliyyəti ilə P1-084 nömrəli stenddə tanış ola biləcəklər.
Oktyabrın 24-də saat 12:00-da “Məhəmməd Füzuli” təqdimat zonasında “Şəxsiyyətin formalaşmasında ali təhsilin/universitetin rolu” mövzusunda panel müzakirəsi keçiriləcək.
Oktyabrın 26-da saat 12:00-da Bakı Ekspo Mərkəzinin Konfrans zalında BSU-nun professoru Rəhilə Qeybullayevanın həmmüəllifi və redaktoru olduğu “Nizami və Dantenin kəsişmə nöqtələrinin araşdırılması: Orta əsrlərdən əvvəl və sonra” kitabının təqdimatı olacaq.
Həmin gün saat 14:00-da isə “Məhəmməd Füzuli” təqdimat zonasında BSU-nun Azərbaycan tarixi və multikulturalizm kafedrasının müdiri, tarix elmləri doktoru Əsgər Əhmədin müəllifi olduğu “Qərbi Azərbaycanda etno-siyasi proseslər (qədim dövrlərdən XX əsrin əvvəllərinə qədər)” kitabı ictimaiyyətə təqdim ediləcək.
Qeyd edək ki, sərgi çərçivəsində keçiriləcək təqdimat və müzakirələr universitetin elmi nəşrlərinin tanıdılması və akademik fəaliyyətinin geniş auditoriyaya çatdırılması baxımından əhəmiyyət daşıyır.

