Oktyabrın 15-də görkəmli tarzən, pedaqoq, Dövlət mükafatı laureatı, Xalq artisti, professor Ramiz Quliyevin vəfatının birinci ildönümündə məzarı ziyarət olunub.
“Tehsil365” xəbər verir ki, anım mərasimində tanınmış mədəniyyət və incəsənət xadimləri, sənətkarın ailə üzvləri və yaxınları iştirak ediblər. Mərasim iştirakçıları görkəmli tarzənin xatirəsini ehtiramla yad edərək məzarı üzərinə gül dəstələri düzüblər.
Ziyarət çərçivəsində Xalq artistinin qəbirüstü abidəsinin açılışı da keçirilib. Abidənin müəllifi rəssam-heykəltaraş Kənan Əliyevdir.
Mərasimdə çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov Ramiz Quliyevin vəfatının Azərbaycan mədəniyyəti və musiqi sənəti üçün böyük itki olduğunu bildirib. O, görkəmli tarzənin milli musiqi irsimizin qorunması və təbliğində, Azərbaycan muğamının beynəlxalq səviyyədə layiqincə təmsil olunmasında mühüm xidmətlərini vurğulayıb.
Nazir müavini qeyd edib ki, Ramiz Quliyev yalnız mahir ifaçı deyil, həm də gənc musiqiçilərin yetişməsinə xüsusi diqqət göstərən, zəngin təcrübəsini onlarla bölüşən qayğıkeş pedaqoq olub. Onun sözlərinə görə, belə sənətkarlar yaratdıqları zəngin irs və yetişdirdikləri davamçıları ilə daim yaşayır, gələcək nəsillər üçün örnək olaraq qalırlar.
Tədbirdə çıxış edən Xalq artistləri Vamiq Məmmədəliyev, Mənsum İbrahimov, Fəxrəddin Manafov, İlham Namiq Kamal və Elçin Həşimov görkəmli tarzənin zəngin yaradıcılıq yolundan, Azərbaycan musiqi mədəniyyətinə verdiyi töhfələrdən və yüksək insani keyfiyyətlərindən söz açıblar.
Çıxışlarda Ramiz Quliyevin bütün ömrünü tar sənətinə həsr etdiyi, milli musiqimizin inkişafı və təbliği istiqamətində yorulmadan çalışdığı, çoxsaylı konsert proqramları ilə Azərbaycan tarını geniş auditoriyalara tanıtdığı vurğulanıb. Onun özünəməxsus ifaçılıq məktəbi formalaşdırması, pedaqoji fəaliyyəti və istedadlı musiqiçilərin yetişdirilməsindəki xidmətləri xüsusi qeyd olunub.
Natiqlər sənətkarla bağlı xatirələrini bölüşərək onun yüksək peşəkarlıqla yanaşı, səmimiyyəti, təvazökarlığı, gülərüzlüyü və insanlara qayğıkeş münasibəti ilə də yadda qaldığını bildiriblər. Qeyd olunub ki, Ramiz Quliyevin zəngin yaradıcılıq irsi yetişdirdiyi tələbələr vasitəsilə yaşamağa davam edəcək.
Ramiz Quliyevin oğlu, Əməkdar artist, tanınmış dirijor Əyyub Quliyev çıxış edərək atasının xatirəsinə göstərilən ehtirama görə ailə üzvləri adından mərasim iştirakçılarına minnətdarlığını bildirib.
Qeyd edək ki, Ramiz Quliyev 2025-ci il oktyabrın 15-də vəfat edib və İkinci Fəxri xiyabanda dəfn olunub.

