“Gənc yazıçıların tanınması və oxucu auditoriyası qazanması üçün onların yaradıcılığına dəstək göstərilməsi, əsərlərinin nəşri və təbliği, eləcə də beynəlxalq ədəbi platformalarda təmsil olunması vacibdir.”
Bu fikirləri “Tehsil365”ə açıqlamasında yazıçı İradə Aytel deyib.
O açıqlamasında bildirib ki, sosial şəbəkələr gənc yazıçılar üçün geniş imkanlar yaratsa da, əsas məsələ yalnız yazmaq və paylaşmaq deyil, həm də həqiqi ədəbi dəyər ortaya qoymaqdır.
“Bu gün hər bir insan öz zəhmətinin, düşüncəsinin və yaradıcılığının məhsulunu ictimaiyyətə çatdırmaq imkanına malikdir. Xüsusilə sosial şəbəkələr gənc yazıçılar üçün geniş imkanlar açır. İstedadlı bir müəllif yazdıqlarını paylaşmaqla özünə oxucu auditoriyası qazana, ədəbi mühitdə tanına və yaradıcılığını daha geniş çevrələrə çatdıra bilər. Lakin burada əsas məsələ yalnız yazmaq və paylaşmaq deyil, ortaya həqiqi ədəbi dəyər qoymaqdır”, – deyə yazıçı qeyd edib.
İradə Aytelin sözlərinə görə, gənc yazıçıların tanınması yalnız şəxsi istedad və sosial şəbəkələrin imkanları ilə məhdudlaşmamalı, onların inkişafı üçün lazımi şərait yaradılmalıdır.
“Düşünürəm ki, gənclərə dəstək dövlətin əsas prioritetlərindən biri olmalıdır. Çünki gənclər hər bir dövlətin gələcəyi, mənəvi və intellektual potensialıdır. Onların istedadının üzə çıxarılması, düzgün istiqamətləndirilməsi, mütaliə və müşahidə imkanlarının genişləndirilməsi, dünyagörüşlərinin zənginləşdirilməsi mühüm əhəmiyyət daşıyır”, – deyə o bildirib.
Yazıçı hesab edir ki, gənc müəlliflərin inkişafı və ədəbi mühitə inteqrasiyası üçün xüsusi dövlət proqramlarının hazırlanması məqsədəuyğun olardı. Onun fikrincə, istedadlı gəncləri üzə çıxaran müsabiqələr təşkil edilməli, onların əsərlərinin nəşrinə və təbliğinə dəstək göstərilməli, maddi və mənəvi stimullar yaradılmalıdır.
“İlk növbədə, istedadlı gəncləri üzə çıxaran müsabiqələr təşkil edilməli, onların əsərlərinin nəşrinə və təbliğinə dəstək göstərilməlidir. Maddi və mənəvi stimullar yaradılmalı, gənc müəlliflər televiziya və radio proqramlarına, ədəbi verilişlərə dəvət olunmalı, onların yaradıcılığı haqqında müzakirələr aparılmalıdır. Ədəbi nəşrlərdə gənclərin əsərlərinə yer ayrılması, kitab təqdimatlarının, yaradıcılıq görüşlərinin və oxucu-müəllif dialoqlarının təşkili də bu prosesin mühüm tərkib hissəsi olmalıdır”, – deyə İradə Aytel vurğulayıb.
O, həmçinin gənc yazıçıların beynəlxalq səviyyədə tanınmasının vacibliyini qeyd edib. Bildirib ki, onların əsərlərinin xarici dillərə tərcümə edilməsi, beynəlxalq kitab sərgilərində və ədəbi festivallarda iştirakının dəstəklənməsi Azərbaycan ədəbiyyatının dünyada tanıdılmasına töhfə verə bilər.
“Azərbaycan ədəbiyyatının dünyada tanıdılması yalnız klassiklərimizin irsinin təbliği ilə məhdudlaşmamalıdır. Müasir ədəbi prosesdə öz sözünü deməyə çalışan gənc müəlliflərə də beynəlxalq müstəvidə görünmək imkanı yaradılmalıdır. Onların xarici ölkələrdə keçirilən kitab sərgilərində, ədəbi festivallarda, beynəlxalq görüşlərdə iştirakı dəstəklənməli, müxtəlif ölkələrin yazıçıları və oxucuları ilə əlaqələr qurmasına şərait yaradılmalıdır”, – deyə yazıçı bildirib.
İradə Aytel əlavə edib ki, ölkəmizdə kifayət qədər istedadlı gənc var və onların potensialının üzə çıxarılması Azərbaycan ədəbiyyatının gələcək inkişafı baxımından əhəmiyyətlidir.
“Onların arasında gələcəkdə Azərbaycan ədəbiyyatına yeni nəfəs gətirəcək, milli ədəbi ənənələrimizi müasir düşüncə ilə zənginləşdirəcək müəlliflər yetişir”, – deyə o qeyd edib.

