“Görkəmli sənətkarımızın vəfatından bir il ötsə də, xalqımız onu unutmur və heç vaxt unutmayacaq. Ramiz Quliyev Azərbaycan musiqi sənətində elə dərin iz qoyub ki, yüz illər keçsə belə, insanların qəlbində yaşayacaq. O, hələ sağlığında xalqımızın qəlbində özünə əbədi abidə ucaltmağı bacaran sənətkarlardan idi. Belə sənətkarlar yüz ildə bir dünyaya gəlir.”
“Tehsil365” xəbər verir ki, bu fikirləri “AZƏRTAC”a açıqlamasında Xalq artisti Mənsum İbrahimov söyləyib.
O qeyd edib ki, zaman keçdikcə Azərbaycan mədəniyyəti görkəmli sənətkarlarını bir-bir itirir. Lakin onların zəngin yaradıcılıq irsini yaşadan, sənət ənənələrini gələcək nəsillərə ötürən layiqli davamçılarının olması sevindirici haldır.
“Ramiz Quliyevin sənət yolunu bu gün onun oğlu, dirijor Əyyub Quliyev layiqincə davam etdirir. İnanıram ki, böyük sənətkarın adı, yaradıcılığı və Azərbaycan musiqi mədəniyyətinə bəxş etdiyi zəngin irs əsrlər boyu yaşayacaq, gələcək nəsillər üçün örnək olacaq”, – deyə Xalq artisti vurğulayıb.

