Azərbaycan Texniki Universitetində süni intellekt sistemlərinin yanlış və qeyri-dəqiq məlumatlarını müəyyənləşdirmək üçün yeni yanaşma hazırlanır.
“Tehsil365” xəbər verir ki, bu barədə universitetin Müdafiə Texnologiyaları və Kibertəhlükəsizlik İnstitutunun icraçı direktoru Rahid Ələkbərli Bakıda keçirilən İnformasiya və Kommunikasiya Texnologiyalarının Tətbiqi üzrə 20-ci Beynəlxalq IEEE Konfransında məlumat verib.
Yeni yanaşma böyük dil modellərinin cavab yaratma müddətinin, istifadə olunan tokenlərin sayının və qrafik prosessorların temperatur dəyişikliklərinin təhlilini əhatə edir.
Süni intellekt sistemləri bəzən inandırıcı görünsə də, həqiqətə uyğun olmayan məlumatlar təqdim edə bilir. Bu hal texnologiyada “hallüsinasiya” adlanır. Tədqiqatın məqsədi müxtəlif göstəriciləri təhlil etməklə bu cür halların müəyyənləşdirilməsinə kömək etməkdir.
Rahid Ələkbərli bildirib ki, qrafik prosessorların temperaturunun yüksəlməsi təkcə sorğunun mürəkkəbliyi ilə bağlı olmaya bilər. Buna görə də nəticələrin daha düzgün qiymətləndirilməsi üçün bir neçə göstərici birlikdə nəzərə alınır.
Qeyd edək ki, süni intellekt sistemlərinin etibarlılığının artırılması və təqdim etdikləri məlumatların düzgünlüyünün yoxlanılması müasir texnologiya sahəsində aktual məsələlərdəndir.

