“Məktəbli yaşlı uşaqlarda dəri səpgilərinin yaranmasının əsas səbəblərindən biri istifadə olunan geyimlərin keyfiyyəti və gigiyena qaydalarına əməl olunmamasıdır”.
Bu barədə “Tehsil365” ə açıqlamasında dermatoloq həkim Tünzalə Əzizli söyləyib. O, bildirib ki, dəri səpkilərinin yaranmasına səbəb sintetik materiallı geyimlərdir.
Dermatoloqun sözlərinə görə, uşaqlarda dəri reaksiyalarına ilk növbədə geyimlərin tərkibi təsir göstərir.
“Xüsusilə kimyəvi rəng boyalarından çox istifadə olunaraq hazırlanan geyimlər allergik dermatitlərə və müxtəlif dəri səpgilərinə səbəb ola bilər”, – deyə o qeyd edib.
Həkim bildirib ki, paltarların düzgün yuyulmaması və gigiyena qaydalarına əməl edilməməsi də uşaqlarda göbələk mənşəli səpgilər, qaşınma və müxtəlif allergik reaksiyaların yaranmasına şərait yaradır.
“Belə hallarda bakterial və göbələk mənşəli infeksiyalar yoluxuculuq riski daşıyır və təmas yolu ilə digər uşaqlara da keçə bilər”, – deyə dermatoloq vurğulayıb.
Mütəxəssis qeyd edib ki, bu cür problemlərin qarşısını almaq üçün ilk növbədə uşaqların geyim seçiminə diqqət yetirilməlidir.
“Valideynlər mümkün qədər sintetik olmayan, kimyəvi boyalardan az istifadə olunmuş, pambıq tərkibli və dərini qıcıqlandırmayan materiallardan hazırlanmış geyimlərə üstünlük verməlidirlər. Bundan əlavə, yeni alınan paltarlar istifadə edilməzdən əvvəl mütləq yuyulub ütülənməlidir. Paltarlar hər yuyulmadan sonra ütülənməli, imkan daxilində tərs üzündən ütülənərək istifadə olunmalıdır”, – deyə o əlavə edib.

