“Yeniyetməlik dövrü orqanizmdə bir sıra fizioloji dəyişikliklərlə müşayiət olunur. Bu dəyişikliklər dərinin vəziyyətinə də təsir göstərir. Xüsusilə sızanaqların yaranması yeniyetmələr arasında geniş yayılmış problemlərdən biridir. Digər tərəfdən, sosial şəbəkələrdə dəriyə qulluqla bağlı yayılan məsləhətlər və reklam olunan məhsulların düzgün seçilməməsi də əlavə suallar yaradır”.
Bu fikirləri “Tehsil365”ə dermatoloq Sevinc Kərimova müsahibəsində bildirib.
— Yeniyetmələrdə sızanaqların yaranmasının əsas səbəbləri hansılardır?
“Yeniyetməlik dövründə cinsi hormonların aktivləşməsi baş verir. Bu zaman dəridə yağ ifrazı artır və dərinin vəziyyətində müəyyən dəyişikliklər yaranır. Nəticədə piy vəzilərində iltihabi proseslər inkişaf edə bilər. Piy vəzilərinin aktiv fəaliyyəti, tük follikullarının tutulması və prosesə ikincili bakterial infeksiyanın qoşulması sızanaqların yaranmasına səbəb ola bilər.
Bu dövrdə yeniyetmələrə tövsiyəm şəxsi gigiyena qaydalarına diqqət yetirmələri və qidalanmalarına fikir vermələridir. Xüsusilə şirniyyatların, kremli və yağlı qidaların, eləcə də şəkərli qazlı və enerji içkilərinin həddindən artıq qəbulundan çəkinmək məsləhətdir.
Yeniyetmələr bu məsələyə diqqətlə yanaşmalı, gigiyena qaydalarına əməl etməli və dəridə səpkilər yarandıqda mütləq dermatoloqa müraciət etməlidirlər”.
— Sosial şəbəkələrdə tövsiyə olunan dəriyə qulluq vasitələrindən istifadə etmək nə dərəcədə təhlükəsizdir?
“Sosial şəbəkələrdə reklam xarakterli paylaşımlarla təqdim olunan məhsullar hər zaman keyfiyyətli və hər kəs üçün uyğun olmaya bilər. Buna görə də dermatoloq mütəxəssisə müraciət etmək vacibdir. İlk növbədə, sızanaqların yaranma səbəbi araşdırılmalı, daha sonra həmin səbəblərə uyğun müalicə taktikası müəyyənləşdirilməlidir.
Dəriyə tətbiq olunacaq losyonlar, kremlər və digər vasitələr dermatoloq tərəfindən seçilməlidir. Məhsul seçimi zamanı dərinin vəziyyəti və mövcud problemlər nəzərə alınmalıdır”.
— Dəri tipinə uyğun qulluq vasitələrini necə seçmək lazımdır?
“Dəriyə qulluq vasitələrinin seçilməsi zamanı kosmetoloq və ya dermatoloqun məsləhətinə müraciət etmək tövsiyə olunur. Çünki dərinin yağlı, qarışıq və quru tipləri mövcuddur və qulluq vasitələri dəri tipinə uyğun seçilməlidir.
Bununla yanaşı, dəridə sızanaq, seboreik dermatit, allergik reaksiyalar, atopik dermatit və digər problemlər də müşahidə oluna bilər. Belə hallarda qulluq vasitələri fərdi qaydada seçilməlidir. Buna görə də hər hansı məhsuldan istifadə etməzdən əvvəl dərinin xüsusiyyətlərini və mövcud problemləri nəzərə almaq vacibdir”.

