Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist, Özbəkistanın mədəniyyət səfiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sahib Paşazadə Yakutiyada (Rusiya Federasiyası) keçirilən “Şimal şəfəqi” XVI Beynəlxalq Arktika Musiqi Festivalında iştirak edib.
“Tehsil365” xəbər verir ki, mərkəzdən bildirilib ki, tanınmış tarzən Yakutiya Filarmoniyasında Yakutiya Dövlət Simfonik Orkestri “Simfonika ARТika”nın (dirijor Maksim Noqovisın) müşayiəti ilə “Oxuyan tarın sehri. Sarayın nəfəsi” adlı konsertdə ikihissəli solo proqramla dinləyicilərin qarşısına çıxıb.
Gecə ilk olaraq Hacı Xanməmmədovun tar və simfonik orkestr üçün 2 saylı konserti ilə açılıb. Şərq melodiyası ilə Avropa musiqisinin vəhdət təşkil etdiyi bu əsərdən sonra Sahib Paşazadə Səid Rüstəmovun tar alətinin bir növ himni hesab olunan “Oxu, tar” , Həmid Vəkilovun “Şıdırğı” və Ələkbər Tağıyevin “Lirik mahnı” əsərlərini ifa edib.
Konsertin xüsusi məqamlarından biri tarzənin Azərbaycan musiqi ənənəsinin yeddi əsas muğamından biri olan “Segah” muğamını səsləndirməsi olub. Virtuoz tarzənin ifasında V. Montinin məşhur “Çardaş” əsəri isə tarın Avropa musiqisi nümunələrində də nə qədər məharətlə səslənə bildiyini nümayiş etdirib.
Konsertin sonunda Yakutiya Filarmoniyasının direktoru Tuyaara Pestryakova Sahib Paşazadəyə festivalın rəsmi sertifikatını təqdim edib.
Proqramın ikinci hissəsində Türkiyənin məşhur “Möhtəşəm yüz il” serialının musiqiləri dinləyicilərə çatdırılıb. Bu hissədə bədii mətnləri Aleksandr Puşkin adına Rus Dram Teatrının aktyoru Şahruz Şepelev səsləndirib.
Yakutiya mətbuatı festivalın bir gününün bütünlüklə Azərbaycan tarına həsr olunması və həmin gün “Tarın Paqaninisi” adlandırılan Azərbaycanın Əməkdar artisti Sahib Paşazadənin sənət nümayişi ilə bağlı geniş materiallar dərc edib.

