“Sosial şəbəkələr uzaq insanları yaxınlaşdırdı, yaxın insanları isə uzaqlaşdırdı”. Müasir dövrdə tez-tez səsləndirilən bu fikir sosial medianın insanlar arasındakı münasibətlərə təsirini aydın şəkildə ifadə edir. Sosial şəbəkələr ünsiyyət imkanlarını genişləndirsə də, real həyatda qurulan münasibətlərin zəifləməsi ilə bağlı suallar da yaradır.
Sosioloq Yusif Nəbiyev “Tehsil365”ə açıqlamasında sosial şəbəkələrin insanların sosial çevrəsinə, yaxın münasibətlərinə və ailə həyatına təsirindən danışıb.
Onun sözlərinə görə, sosial şəbəkələr insanların ətrafındakı şəxslərin sayını artırsa da, bu, münasibətlərin keyfiyyətinin də eyni dərəcədə yüksəlməsi demək deyil. Əksinə, sosial mediadan əvvəl insanların real həyatda tanıdığı və müntəzəm ünsiyyətdə olduğu şəxslərlə münasibətlərinin tezliyi və keyfiyyəti azala bilər.
Sosioloq bu vəziyyəti izah edərkən insanların eyni vaxtda yaxın münasibət saxlaya bildikləri şəxslərin sayının məhdud olması ilə bağlı yanaşmaya diqqət çəkib. Onun sözlərinə görə, insanın sosial çevrəsi təxminən 150 nəfərdən ibarət ola bilər. Bu çevrənin təxminən 5 nəfərini insanın hər gün gördüyü və sıx ünsiyyətdə olduğu şəxslər, əsasən, ailə üzvləri təşkil edir. Digər 50 nəfər daha geniş yaxın çevrəyə, qalan 100 nəfər isə insanın ara-sıra əlaqə saxladığı şəxslərə aid edilir.
“Əvvəlki dövrlərdə həmin 150 nəfər, əsasən, insanın real həyatda tanıdığı və ünsiyyətdə olduğu şəxslər idi. İndi isə sosial şəbəkələr vasitəsilə bu çevrəyə çoxlu sayda yeni insanlar daxil olur. Nəticədə əvvəllər yaxın münasibətdə olduğumuz bəzi şəxslər sosial çevrəmizdə daha arxa plana keçə bilirlər. Yəni bir vaxtlar yaxın çevrəmizə daxil olan insanlar zamanla daha az ünsiyyətdə olduğumuz şəxslərə çevrilə bilərlər”, – deyə sosioloq bildirib.
Yusif Nəbiyev qeyd edib ki, sosial şəbəkələrdən davamlı istifadə insanlarda gündəlik həyatlarının ən kiçik detallarını belə paylaşmaq vərdişi yarada bilər. İnsanlar zaman keçdikcə şəxsi həyatlarında baş verənləri, hisslərini və gündəlik hadisələri sosial mediada bölüşməyə başlayırlar. Bu isə onlarda virtual ünsiyyətdə olduqları şəxslərlə yaxınlıq və səmimiyyət hissi yarada bilər.
Sosioloqun fikrincə, burada əsas məqamlardan biri virtual yaxınlıq hissi ilə real münasibətlərin mahiyyəti arasındakı fərqdir. İnsan sosial şəbəkələrdə çoxsaylı şəxslərlə əlaqədə olsa da, bu ünsiyyət hər zaman real həyatda mövcud olan səmimiyyət və qarşılıqlı dəstəyi əvəz etmir. Nəticədə insanlar bəzən onlara həqiqətən yaxın olan şəxslərin dəyərini lazımi səviyyədə qiymətləndirməyə bilərlər.
“Əvvəllər insanlar şəxsi məsələlərini, gündəlik həyatlarının kiçik detallarını daha çox yaxınları ilə bölüşürdülər. İndi isə bunların bir hissəsini sosial şəbəkələrdə paylaşırlar. Belə olduqda insan real həyatda ona yaxın olan şəxslərlə ünsiyyətə əvvəlki qədər ehtiyac duymaya bilər və həmin münasibətlərin əhəmiyyətini bəzən görməzdən gələ bilər”, – deyə o vurğulayıb.
Sosioloq sosial mediadan həddindən artıq istifadənin ailə münasibətlərinə də təsirsiz ötüşmədiyini bildirib. Onun sözlərinə görə, bu hal bəzi ailələrdə münasibətlərin ciddi şəkildə pozulmasına, hətta boşanmalara qədər gətirib çıxara bilər. Bununla belə, məsələni yalnız xəyanətlə əlaqələndirmək düzgün deyil. Bəzən problem insanların bir-birinə ayırdığı vaxtın və diqqətin azalmasından qaynaqlanır.
Yusif Nəbiyev diqqətə çatdırıb ki, insanın vaxtı və enerjisi məhduddur. Bu resursların böyük hissəsi sosial şəbəkələrə sərf olunduqda ailə üzvlərinə və yaxın insanlara ayrılan vaxt da azalır. Halbuki münasibətlərin qorunması və möhkəmlənməsi üçün qarşılıqlı diqqət, ünsiyyət və birlikdə keçirilən vaxt mühüm əhəmiyyət daşıyır.
Sosioloqun fikrincə, münasibətlərə nə qədər çox vaxt və dəyər verilərsə, onların möhkəmlənməsi üçün də bir o qədər əlverişli şərait yaranar. Buna görə də sosial şəbəkələrdən istifadə zamanı virtual ünsiyyətlə real münasibətlər arasında tarazlığın qorunması vacibdir.

