“Oktyabrın 16-da Xankəndi şəhərində Qarabağ Universitetinin ev sahibliyi ilə Azərbaycan və Özbəkistan universitetlərinin II Rektorlar Forumu keçirilib”.
“Tehsil365” xəbər verir ki, Elm və Təhsil Nazirliyinin verdiyi məlumata görə, forumda iki ölkənin ümumilikdə 30-a yaxın ali təhsil müəssisəsinin nümayəndələri iştirak ediblər.
Tədbirin əsas məqsədi ali təhsil sahəsində tərəfdaşlığın genişləndirilməsi, elmi tədqiqat və innovasiya istiqamətində birgə təşəbbüslərin təşviqi, eləcə də universitetlərarası əlaqələrin gücləndirilməsi olub.
Forum çərçivəsində ali təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə panel müzakirələri təşkil edilib. Müzakirələrdə universitetlərlə sənaye müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi, elmi tədqiqatların nəticələrinin praktik tətbiqi, innovasiya potensialının artırılması və beynəlxalq əməkdaşlığın inkişafı məsələləri diqqət mərkəzində olub.
Tədbirdə universitetlərarası əməkdaşlığın genişləndirilməsi, birgə elmi və akademik təşəbbüslərin həyata keçirilməsi məqsədilə 60-a yaxın anlaşma memorandumu imzalanıb.
Forumun proqramına, həmçinin iştirakçıların Xankəndi və Şuşa şəhərləri ilə tanışlığı, eləcə də Füzuli şəhərində yerləşən Mirzə Uluqbəy adına 1 nömrəli məktəbə səfər daxil edilib.
Forumun oktyabrın 17-də də davam edəcəyi bildirilib.

