“Son illərdə Azərbaycanda qida təhlükəsizliyi sahəsində mühüm işlər görülüb və beynəlxalq səviyyədə əhəmiyyətli nəticələr əldə olunub. FAO-nun və Ümumdünya Səhiyyə Təşkilatının 2023-cü ildə apardığı qiymətləndirmədə ölkəmizin qida təhlükəsizliyi sistemində kritik boşluqlar aşkarlanmayıb. Kodeks Alimentarius Komissiyasının Avropa üzrə Regional Koordinasiya Komitəsinə koordinatorluq üçün Azərbaycanın namizədliyinin 52 üzv tərəfindən yekdilliklə dəstəklənməsi də ölkəmizə göstərilən etimadın mühüm ifadəsidir”.
"Tehsil365" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin ( AQTA) sədri Qoşqar Təhməzli 16 Oktyabr - Ümumdünya Qida Gününə həsr olunmuş "Bu gün innovasiya et, sabahın qidasını təmin et” adlı tədbirdə çıxış edərkən deyib.
AQTA sədri heyvan sağlamlığı sahəsində də beynəlxalq əməkdaşlığın genişləndiyini qeyd edərək bildirib: "Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının müxtəlif qurumlarında təmsilçiliyimiz və bir sıra heyvan xəstəliklərindən azad ölkə statuslarının əldə olunması bu sahədə görülən işlərin nəticəsidir. Təbii ki, bu uğurlar bizi sevindirir. Amma hər bir nailiyyət, eyni zamanda, qarşımıza yeni hədəflər qoyur. Hazırda ölkəmizdə aqrar və qida təhlükəsizliyi sahələrində ixtisaslı kadrlara ehtiyac duyulur. Bu baxımdan, ADA Universitetinin Kənd Təsərrüfatı və Qida Elmləri fakültəsinin fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Əminik ki, fakültə gələcəkdə aqrar və qida sektorunun ehtiyaclarına uyğun mütəxəssislərin hazırlanmasına, bu sahələrdə kadr potensialının gücləndirilməsinə və müasir biliklərin praktik fəaliyyətə tətbiqinə mühüm töhfə verəcək. Məqsədimiz əldə etdiyimiz nəticələri qorumaq, onları daha da inkişaf etdirmək və insanların gündəlik həyatında real faydaya çevirməkdir. Bu baxımdan rəqəmsallaşmaya xüsusi əhəmiyyət veririk. AQTİS-in inkişafı və ePhyto platformasına inteqrasiya idxal-ixrac əməliyyatlarında məlumat mübadiləsini sürətləndirib, prosedurların sadələşdirilməsinə və şəffaflığın artırılmasına imkan yaradıb. Bu gün Azərbaycan məhsullarının dünyanın 70-dən çox ölkəsinə ixrac olunması da yerli istehsalımızın imkanlarını göstərir", - deyə Q. Təhməzli qeyd edib.

