Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov ABŞ-də təşkil olunan G20 Dinlərarası Forumunda bir sıra fond və təşkilat rəhbərləri, eləcə də dini və ictimai xadimlərlə görüşlər keçirib.
“Tehsil365” xəbər verir ki, G20 Dinlərarası Forumunun prezidenti Kol Durhamla görüşdə Azərbaycan ilə Forum arasında əlaqələr, əməkdaşlığın inkişaf perspektivləri və dinlərarası dialoqun beynəlxalq səviyyədə təşviqi məsələləri müzakirə olunub. Tərəflər qarşılıqlı etimada və ortaq dəyərlərə əsaslanan mövcud tərəfdaşlığın genişləndirilməsinin vacibliyini qeyd ediblər.
Dövlət Komitəsinin sədri Ramin Məmmədov Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Bakı Prosesi” və mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində görülən işlər barədə məlumat verib. O, 2026-cı il oktyabrın 27–29-da Bakıda keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətinə toxunaraq, tədbir çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC) ilə tərəfdaşlıq əsasında təşkil olunacaq “Dinlərarası dialoq: ortaq gələcəyə aparan yol xəritəsi” adlı xüsusi plenar sessiyanın qlobal çağırışların müzakirəsi və dinlərarası münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldilməsi baxımından əhəmiyyətini diqqətə çatdırıb.
İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin On İki Həvarilər Kvorumunun üzvü David Bednar ilə görüşdə mədəniyyətlərarası anlaşmanın gücləndirilməsinin zəruriliyi vurğulanıb, işgüzar əlaqələrin gələcək inkişaf istiqamətləri ətrafında müzakirələr aparılıb.
Səfər çərçivəsində Dövlət Komitəsinin sədri Dini və Ənənəvi Sülhqurucuları Şəbəkəsinin icraçı direktoru Məhəmməd Elsanusi ilə də görüşüb. Söhbət zamanı sülhün təşviqində dini və ənənəvi liderlərin rolu, eləcə də müxtəlif icmalar arasında dialoqun genişləndirilməsi məsələləri diqqət mərkəzində olub.
Müsəlman Ağsaqqalları Şurasının strateji planlaşdırma üzrə direktoru Məhəmməd Bahr ilə görüşdə Azərbaycan dövlətinin mədəni müxtəlifliyin qorunub saxlanılmasına və inkişafına yönəlmiş siyasəti, eləcə də ölkəmizin beynəlxalq miqyasda bu istiqamətdə irəli sürdüyü təşəbbüslər barədə fikir mübadiləsi aparılıb.
“Stirling” Fondunun prezidenti və icraçı direktoru Maylz Hansenlə görüşdə Azərbaycanın əsrlər boyu müxtəlif mədəniyyətlər və dinlər arasında sülh şəraitində birgəyaşayış təcrübəsi vurğulanıb. Ölkəmizin dini azadlığa və dialoqa sadiqliyinin regional sabitlik baxımından nümunə olduğu qeyd edilib.

