Böyük Britaniyanın İngiltərə bölgəsində məktəb proqramının yenilənməsi çərçivəsində şagirdlərin danışıq və ünsiyyət bacarıqlarına daha çox diqqət ayrılması nəzərdə tutulur.
“Tehsil365” xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.
İngiltərənin təhsil naziri Lüsi Pauell təklif edib ki, fikirlərini aydın ifadə etmək, dinləmək və ünsiyyət qurmaq bacarıqları oxu və yazı ilə eyni səviyyədə tədris proqramına daxil edilsin. Bu bacarıqların ibtidai təhsildən GCSE imtahanlarınadək qiymətləndirilməsi planlaşdırılır.
Təklifə əsasən, dram, musiqi və bədən tərbiyəsi kimi fənlərdə nəzəri tapşırıqların azaldılması, praktiki qiymətləndirməyə daha çox yer verilməsi də nəzərdən keçirilir.
Nazir süni intellektin inkişaf etdiyi dövrdə insanın fikrini ifadə etmək və başqaları ilə ünsiyyət qurmaq bacarıqlarının əhəmiyyətinin artdığını bildirib.
Lakin təşəbbüs birmənalı qarşılanmayıb. Tənqidçilər danışıq bacarıqlarının qiymətləndirilməsinin obyektivliyi və bunun imtahan nəticələrinə mümkün təsiri ilə bağlı narahatlıqlarını ifadə ediblər.

