Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Linqvokulturologiya kafedrasının kollektivi ilə görüşüb.
“Tehsil365” xəbər verir ki, Görüşün əsas məqsədi kafedranın fəaliyyəti, əldə etdiyi nailiyyətlər və gələcək inkişaf perspektivləri ilə tanış olmaq, əməkdaşların təklif və təşəbbüslərini dinləmək, onların qarşılaşdıqları məsələlər ətrafında fikir mübadiləsi aparmaq olub.
Kafedra müdiri, professor Vüsalə Ağabəyli kafedranın əsas fəaliyyət istiqamətləri, elmi potensialı və həyata keçirilən tədbirlər barədə məlumat verib. Bildirilib ki, kafedranın 28 nəfərdən ibarət müəllim heyətinin beşi filologiya elmləri doktoru, professor, 10 nəfəri isə filologiya üzrə fəlsəfə doktorudur.
Qeyd olunub ki, kafedranın fəaliyyət planı Universitetin strateji inkişaf istiqamətləri əsasında müəyyənləşdirilir. Tədris, elmi-tədqiqat və ictimai fəaliyyət istiqamətləri üzrə mütəmadi olaraq elmi seminarlar, dəyirmi masalar, maarifləndirici dərslər və müxtəlif akademik tədbirlər təşkil olunur. Elmi-tədqiqat işləri Universitetin elm strategiyasına uyğun şəkildə fundamental əsərlərin tərcüməsi, elmi məqalələrin hazırlanması, dərs vəsaitlərinin işlənilməsi və digər elmi fəaliyyət növlərini əhatə edir.
Kafedranın fəaliyyətində tələbələrin akademik və intellektual inkişafına xüsusi diqqət yetirildiyi vurğulanıb. Bu məqsədlə tələbələrlə əlavə mütaliə müzakirələri təşkil olunur, bədii ədəbiyyata marağın artırılması və mütaliə mədəniyyətinin təşviqi istiqamətində iş aparılır. Eyni zamanda, kafedra əməkdaşları arasında mütaliə ənənəsinin inkişaf etdirilməsi məqsədilə "Book Club" formatında kitab müzakirələri keçirilir.
İngilis və fransız dilləri fakültəsinin dekanı dosent Vəfa Babayeva çıxışında kafedranın fəal, operativ və yeniliklərə açıq fəaliyyətini müsbət qiymətləndirib. O, fakültədə tədrisin keyfiyyətinin yüksəldilməsi, dərslərin səmərəli təşkili və müasir tədris yanaşmalarının tətbiqi istiqamətində Linqvokulturologiya kafedrasının müəllimlərinin fəaliyyətini xüsusi vurğulayıb.
Görüş zamanı akademik Kamal Abdulla kafedrada tədris olunan "Ölkəşünaslıq" fənni ilə bağlı fikirlərini bölüşüb, müəllimlərlə fənnin məzmunu, tədris xüsusiyyətləri və təkmilləşdirilməsi imkanları ətrafında müzakirələr aparıb.
Rektor, həmçinin "Dil bacarıqları" fənni çərçivəsində "Speaking" imtahanının ayrıca təşkil edilməsinin əhəmiyyətini qeyd edib. O, şifahi nitq bacarıqlarının müstəqil qiymətləndirilməsinin tələbələrin kommunikativ kompetensiyalarının inkişafı və dil hazırlığının daha dolğun müəyyənləşdirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Görüşdə elm məsələləri üzrə prorektor professor Həmidə Əliyeva və tədris məsələləri üzrə prorektor dosent Şəfəq Şahməmmədova da kafedranın fəaliyyəti, əməkdaşların təşəbbüsləri və tədris prosesinin təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə müsbət fikirlərini bölüşüblər.
Səmimi və işgüzar şəraitdə keçən görüş qarşılıqlı fikir mübadiləsi ilə yekunlaşıb.

