Oktyabrın 16-da Xankəndi şəhərində Qarabağ Universitetinin ev sahibliyi ilə Azərbaycan və Özbəkistan ali təhsil müəssisələri arasında İkinci Rektorlar Forumu keçirilib.
“Tehsil365” xəbər verir ki, İki ölkədən 30-a yaxın ali təhsil müəssisəsinin iştirak etdiyi forum ali təhsil sahəsində tərəfdaşlığın inkişafına həsr olunub.
Forumun açılışında çıxış edən Qarabağ Universitetinin rektoru Şahin Bayramov iştirakçıları salamlayıb və onları rəhbərlik etdiyi universitetdə görməkdən məmnunluğunu ifadə edib.
Elm və təhsil naziri Emin Əmrullayev çıxışında Azərbaycan və Özbəkistan arasında elm və ali təhsil sahələrində əməkdaşlığın inkişaf dinamikasından danışıb. Nazir universitetlər arasında akademik əlaqələrin genişləndirilməsinin, təcrübə mübadiləsinin gücləndirilməsinin və birgə təşəbbüslərin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Forum çərçivəsində hər iki ölkənin aparıcı ali təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə panel müzakirələri keçirilib. Müzakirələrdə universitet-sənaye əməkdaşlığının gücləndirilməsi, elmi tədqiqatların nəticələrinin praktik tətbiqi, innovasiya potensialının artırılması, eləcə də Azərbaycan və Özbəkistanın ali təhsil müəssisələri arasında beynəlxalq əməkdaşlığın inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) rektor, dosent Rüfət Əzizovun rəhbərliyi ilə forumda geniş tərkibdə təmsil olunub.
Rektor Rüfət Əzizov forum çərçivəsində "Bilikdən nəticəyə: universitet-sənaye sahələri arasında elmi-tədqiqat və innovasiya əməkdaşlığının möhkəmləndirilməsi" mövzusunda keçirilən panel müzakirəsində çıxış edib. Müzakirə zamanı universitetlərlə sənaye sektoru arasında əməkdaşlığın genişləndirilməsi, elmi tədqiqatların praktiki nəticələrinin istehsalata və iqtisadiyyata tətbiqi, eləcə də innovativ təşəbbüslərin təşviqi məsələləri diqqət mərkəzində olub.
Forumun proqramı çərçivəsində iştirakçılar Xankəndi və Şuşa şəhərlərinə tanışlıq səfərləri edib, həmçinin Füzuli şəhərində yerləşən Mirzə Uluqbəy adına 1 nömrəli məktəbi ziyarət ediblər.
İki gün davam edən forum oktyabrın 17-də başa çatıb.

