Oktyabrın 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kimya texnologiyaları fakültəsinin "Biotexnologiya və qida mühəndisliyi" kafedrasının "Qida mühəndisliyi" ixtisası üzrə təhsil alan III kurs tələbələri dosent Təranə Ağayeva və baş müəllim Könül İrəvanlının rəhbərliyi ilə Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutuna elmi-təcrübi səfər ediblər.
“Tehsil365” xəbər verir ki, Səfərin məqsədi tələbələrin nəzəri biliklərinin praktiki müşahidələrlə möhkəmləndirilməsi, müasir biotexnoloji üsullarla tanışlıq və elmi-tədqiqat fəaliyyətinə marağın artırılması olub.
Səfər çərçivəsində tələbələr institutun Aqrobiotexnologiya, Funksional analizlər və Bitki mühafizəsi laboratoriyalarının, eləcə də istixana kompleksinin fəaliyyəti ilə yaxından tanış olublar.
Aqrobiotexnologiya laboratoriyasında tələbələrə bitkilərin in vitro şəraitində çoxaldılmasının əsas mərhələləri barədə ətraflı məlumat verilib. Bu prosesə apikal meristem kulturası vasitəsilə virussuz və sağlam bitki materialının əldə edilməsi, regenerant bitkilərin qələmlənməsi və mikroçoxaldılması, mikroyumruların əmələ gəlməsi, həmçinin əldə olunan bitki materialının istixana şəraitinə uyğunlaşdırılması və köçürülməsi daxildir.
Bitki mühafizəsi laboratoriyasında tələbələr bitkilərdə virus infeksiyalarının diaqnostikası, göbələk və bakterial xəstəlik törədicilərinin aşkarlanması və identifikasiyası, kənd təsərrüfatı bitkilərinin zərərvericilərinin müəyyənləşdirilməsi istiqamətlərində aparılan tədqiqatlarla tanış olublar. Eyni zamanda, sağlam və xəstə bitki nümunələrinin müqayisəli təhlili, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirlərinin səmərəliliyinin qiymətləndirilməsi barədə məlumat əldə ediblər.
Funksional analizlər laboratoriyasında bitki materialının kimyəvi və biokimyəvi tərkibinin öyrənilməsində istifadə olunan müasir analiz metodları tələbələrə nümayiş etdirilib. Bu çərçivədə zülalların, şəkərlərin və digər biokimyəvi birləşmələrin təyini, yarpaqlarda xlorofil və karotinoidlərin miqdarının ölçülməsi, kalium, kalsium, maqnezium, dəmir və digər mineral elementlərin müəyyənləşdirilməsi üsulları barədə məlumat verilib. Həmçinin bitkilərin böyümə və inkişaf göstəricilərinin, eləcə də stres amillərinə reaksiyasının qiymətləndirilməsi və spektrofotometr də daxil olmaqla müxtəlif analitik cihazlarla instrumental analizlərin aparılması qaydaları ilə tanışlıq olub.
İstixana kompleksinə baxış zamanı tələbələr in vitro şəraitində çoxaldılmış bitkilərin və seleksiya yolu ilə əldə edilmiş sort nümunələrinin becərilməsi, inkişafının monitorinqi və məhsuldarlıq göstəricilərinin qiymətləndirilməsi proseslərini müşahidə ediblər.
Elmi-təcrübi səfər tələbələrin ixtisas biliklərinin genişləndirilməsi, nəzəri biliklərin praktiki təcrübə ilə əlaqələndirilməsi və müasir biotexnoloji metodların tətbiqi imkanlarının öyrənilməsi baxımından əhəmiyyətli olub.

