Oktyabrın 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kimya texnologiyaları fakültəsinin "Biotexnologiya və qida mühəndisliyi" kafedrası Türkiyənin Karadeniz Texnik Universiteti ilə birgə Ümumdünya Qida Gününə həsr olunmuş elmi seminar təşkil edib.
“Tehsil365” xəbər verir ki, "SABAH City" innovasiya şəhərciyində hibrid formatda keçirilən seminarda ADNSU-nun "Qida mühəndisliyi" və "Biotexnologiya" ixtisasları üzrə təhsil alan tələbələri iştirak ediblər.
Tədbir çərçivəsində Karadeniz Texnik Universitetinin Molekulyar biologiya və genetika bölümünün müdiri, Mərkəzi Tədqiqat Laboratoriyası Tətbiq və Araşdırma Mərkəzinin direktoru, professor Nevzat Batan və həmin bölümün Genetika kafedrasının müəllimi, doktor Cihan İnan universitetin tədris proqramları, elmi-tədqiqat istiqamətləri və laboratoriya infrastrukturu haqqında ətraflı məlumat veriblər.
Daha sonra Karadeniz Texnik Universitetinin Molekulyar biologiya və genetika bölümünün tədqiqatçı assistenti İkra Özkan "Termofil bakteriyaların lipazaları: qida mühəndisliyində yeni imkanlar" mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə termofil bakteriyalar arasında lipaza istehsal edən ştamların seçilməsi, fermentin təmizlənməsi və xarakterizə edilməsi, eləcə də lipazaların qida sənayesində biotexnoloji tətbiq imkanları barədə məlumat verilib.
Seminarın sonunda tələbələr onları maraqlandıran sualları ünvanlayıb, müzakirələr aparıb və fikir mübadiləsi ediblər.
Elmi seminar tələbələrin müasir ferment biotexnologiyası və onun qida mühəndisliyində tətbiqi haqqında biliklərinin genişləndirilməsinə, həmçinin beynəlxalq akademik əlaqələrin möhkəmləndirilməsinə töhfə verib.
Qeyd edək ki, hər il oktyabrın 16-sı Ümumdünya Qida Günü kimi qeyd olunur. Bu tarix, eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təsis edildiyi gündür.

