Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərində Beynəlxalq Kitab Sərgisinin 45-ci buraxılışı noyabrın 4-dən 15-dək keçiriləcək.
“Tehsil365” AZƏRTAC -a istinadən xəbər verir ki, sərgidə 124 ölkədən 2673 nəşriyyat və kitab sənayesi iştirakçısı təmsil olunacaq. “Hekayələrdən yaranmışıq” mövzusu altında təşkil ediləcək tədbir çərçivəsində 25 ölkədən 106 yazıçı, rəssam və ziyalının iştirakı ilə 1500 mədəni və bədii tədbir keçiriləcək.
Bu il Oman sərginin fəxri qonağı olacaq. Ölkənin ədəbiyyatını, mədəni irsini və incəsənətini tanıdan xüsusi proqram təqdim ediləcək. Sərgi ziyarətçiləri müxtəlif dillərdə nəşrlərlə tanış olmaq, müəlliflərlə görüşmək, ədəbi müzakirələrdə və yaradıcılıq seminarlarında iştirak etmək imkanı əldə edəcəklər.
Təşkilatçılar nəşriyyatlar arasında əməkdaşlığın genişləndirilməsini, tərcümə hüquqlarının mübadiləsini və beynəlxalq kitab bazarlarına çıxış imkanlarının artırılmasını da əsas məqsədlər sırasında qeyd edirlər.

