Sumqayıt Dövlət Dram Teatrında yazıçı Nizami Muradoğlunun eyniadlı pyesi əsasında səhnələşdirilən “Zülmətdə nur” tamaşası növbəti dəfə nümayiş etdirilib.
“Tehsil365” AZƏRTAC-a istinadən xəbər verir ki, tamaşa tanınmış aktyor, Prezident mükafatçısı Oktay Mehdiyevin 50 illik yubileyinə həsr olunub.
Səhnə əsərində 1937-ci il repressiyalarının qurbanı olmuş mütəfəkkir şair-dramaturq Hüseyn Cavidin faciəli həyatından bəhs edilir. Tamaşada, həmçinin Cavid əfəndinin müasirləri, əqidə və qələm dostları Əhməd Cavad və Mikayıl Müşfiqin, eləcə də onların ailələrinin yaşadığı ağır və məşəqqətli günlər əks olunur.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı isə Telman Qəniyevdir.
Səhnə əsərində Əməkdar artistlər Rauf Ağakişiyev, Sədaqət Nuriyeva və İzaməddin Bağırov, eləcə də aktyorlar Habil Xanlarov, Oktay Mehdiyev, Yeganə Məmmədvəliyeva, Şəmistan Süleymanlı, Elay Xasıyev, Məryəm Hüseynli, İlham Səfərli, Dağlar Rüstəmov, Akif Mirzəyev, Rövşən Əsgərov, Kamran Muradlı, Rövşad İlyasov və başqaları çıxış ediblər.
Tamaşanın sonunda Sumqayıt Dövlət Dram Teatrının Yaradıcılıq şöbəsinin müdiri, Xalq artisti Firudin Məhərrəmov çıxış edərək Oktay Mehdiyevi yubileyi münasibətilə təbrik edib. O, aktyorun zəngin yaradıcılıq yolundan və sənət fəaliyyətindən söz açıb.
Sonda teatrın direktoru Samir Şəfiyev tərəfindən Oktay Mehdiyevə fəxri fərman təqdim olunub.

