“Şəhidin səsi” proqramının növbəti buraxılışı Vətən müharibəsi şəhidi, Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin leytenantı Əmrah Əkbərovun əziz xatirəsinə həsr olunacaq.
"Tehsil365" xəbər verir ki, buraxılış bu gün — 19 oktyabr saat 18:00-da “Tehsil365” İnformasiya Agentliyinin YouTube kanalında yayımlanacaq. Proqramın aparıcısı agentliyin “Könüllü müxbir” layihəsində könüllü müxbir kimi fəaliyyət göstərən Fatimə Quliyeva olacaq.
Əmrah Əkbərov 21 fevral 1998-ci ildə Lerik rayonunun Livədirqə kəndində anadan olub. O, 2004-cü ildə Livədirqə kənd orta məktəbində təhsil almağa başlayıb, 2005-ci ildə isə təhsilini Bakı şəhərinin Xəzər rayonunda yerləşən 322 nömrəli tam orta məktəbdə davam etdirib.
Gələcəyini hərb sənətinə həsr edən Əmrah Əkbərov 2013-cü ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub və 2016-cı ildə təhsilini başa vurub. Həmin il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olunub. 2020-ci ildə ali hərbi təhsilini bitirən Əmrah Əkbərov leytenant rütbəsi ilə Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrində baş kəşfiyyatçı kimi xidmətə başlayıb.
Vətən müharibəsi zamanı Cəbrayıl və Hadrut istiqamətlərində gedən döyüşlərdə iştirak edən Əmrah Əkbərov 12 oktyabr 2020-ci ildə Hadrut döyüşləri zamanı şəhid olub.
Şəhidin Vətən qarşısındakı xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib. Əmrah Əkbərov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib. O, həmçinin 5 noyabr 2021-ci il tarixli sərəncama əsasən, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda döyüşlərdə göstərdiyi igidlik və mərdliyə görə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeninə layiq görülüb.
“Şəhidin səsi” proqramı Vətən uğrunda canından keçən qəhrəmanlarımızın həyat və döyüş yolunu ictimaiyyətə çatdırmaq, onların əziz xatirəsini yaşatmaq məqsədi daşıyır.
Əmrah Əkbərovun həyat və döyüş yolundan bəhs edən yeni buraxılışı bu gün saat 18:00-da “Tehsil365” İnformasiya Agentliyinin YouTube kanalında izləyə bilərsiniz.

