“Müasir dövrdə süni intellektin və sosial şəbəkələrin geniş yayılması fonunda gənclərin mütaliəyə marağının artırılması, onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi mühüm məsələlərdən biridir. Bu istiqamətdə ailənin və məktəbin üzərinə böyük məsuliyyət düşür”.
Bu fikirləri “Tehsil365”ə açıqlamasında yazıçı Çingiz Abdullayev bildirib.
Yazıçı qeyd edib ki, uşaqlarda kitaba sevginin formalaşması ilk növbədə ailədən başlayır. Onun sözlərinə görə, evdə kitabların olması və valideynlərin mütaliəyə münasibəti uşaqların oxu vərdişlərinin formalaşmasına birbaşa təsir göstərir.
“Əgər evdə kitab yoxdursa, uşaqlar da kitabı başa düşməyəcək, sevməyəcəklər. Hər şey atadan, anadan, valideynlərdən başlayır”, – deyə Ç.Abdullayev vurğulayıb.
Yazıçı hesab edir ki, gənclərin mütaliəyə marağının artırılması üçün məktəblərdə də mütəmadi görüşlər təşkil edilməlidir. O bildirib ki, bu görüşlərə yazıçılar, jurnalistlər və tanınmış şəxslər dəvət olunmalı, şagirdlərlə kitabların əhəmiyyəti və mütaliənin faydaları barədə söhbətlər aparılmalıdır.
Ç.Abdullayev xüsusilə regionlarda yaşayan şagirdlərlə görüşlərin vacibliyini qeyd edib. Onun fikrincə, yazıçıların məktəblərdə şagirdlərlə ünsiyyəti uşaqlara kitab oxumağın əhəmiyyətini daha yaxşı anlatmağa kömək edə bilər.
Bununla yanaşı, yazıçı müasir dövrdə gənclərin texnologiyalardan və xarici dillərdən də xəbərdar olmasının vacibliyini vurğulayıb. O bildirib ki, süni intellektin imkanlarından səmərəli istifadə etmək üçün kompüter texnologiyalarını və xarici dilləri bilmək mühüm əhəmiyyət daşıyır.
“Bizim uşaqlarımız kompüter texnologiyalarını bilməlidirlər, xarici dilləri öyrənməlidirlər. Əks halda, süni intellektlə işləmək çox çətin olacaq”, – deyə yazıçı bildirib.
Ç.Abdullayevin sözlərinə görə, gənclərin mütaliə vərdişlərinin inkişafı, texnoloji biliklərinin artırılması və xarici dilləri öyrənməsi kompleks şəkildə həyata keçirilməlidir. O qeyd edib ki, bu istiqamətlərdə ardıcıl addımların atılması xalqın və dövlətin XXI əsrdə inkişafı baxımından vacibdir.

