Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Mərkəzin Nəsimi bazasında “Şəhidim Xudayar” adlı mahnı-klipin təqdimatı keçirilib.
“Tehsil365 xəbər verir ki, tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.
Mərkəzin “Vokal” dərnəyi üzvlərinin ərsəyə gətirdiyi layihə İkinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuş Azərbaycanın igid oğlu Xudayar Yusifzadənin əziz xatirəsinə həsr edilib. Mahnının musiqisi bəstəkar Sevinc Tofiqqızına, sözləri şair Cavid Qurbanova məxsusdur. Layihənin rəhbəri Sevinc Tofiqqızı, mahnı-klipin rejissoru isə İntiqam Dadaşzadədir.
“Azəri inciləri” vokal qrupunun üzvü Dadaş Mirzəzadənin ifasında səslənən kompozisiya Xudayar Yusifzadənin timsalında xalqımızın qəhrəmanlıq ənənələrini tərənnüm edir. Həm kövrək, həm də qürurverici məqamlarla zəngin olan bu ifa dinləyicilərin dərin rəğbətini qazanıb.
Tədbir çərçivəsində Mərkəzin “Vokal” və “Teatr sənəti” dərnəklərinin üzvləri Vətənə məhəbbət, qəhrəmanlıq, milli-mənəvi dəyərlər və şəhidlərimizin əziz xatirəsinə ehtiram mövzularını əks etdirən şeir və mahnılar təqdim ediblər.
Layihənin əsas məqsədi şəhidlərimizin qəhrəmanlıq salnaməsini yaşatmaq, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına töhfə vermək və Xudayar Yusifzadənin əziz xatirəsini gələcək nəsillərə ötürməkdir.
Şəhidlərimizin xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq, onların göstərdiyi igidlik gələcək nəsillər üçün vətənpərvərlik və fədakarlıq nümunəsi olaraq qalacaqdır.

