Oktyabrın 19-da İçərişəhərdə Azərbaycanın ilk innovativ və immersiv muzeyi kimi təqdim olunan “Timepavilion – Bakı 1919”un açılış mərasimi keçirilib.
“Tehsil365” xəbər verir ki, açılış mərasimində çıxış edən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud “Bakı 1919” layihəsinin İçərişəhərin tarixi mühitinə uyğunluğu və rəmzi məna daşıması baxımından xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.
“İçərişəhərdə hər bir binanın, hər bir daşın öz sirri, öz tarixi var. Biz İçərişəhəri gəzərkən tez-tez düşünürük ki, görəsən, keçmişdə burada həyat necə olub, insanlar necə geyinib, necə davranıb, hansı həyat tərzini yaşayıblar? Bu gün təqdim etdiyimiz layihə məhz həmin suallara cavab tapmaq imkanı yaradır. Muzey ziyarətçiləri bir əsrdən artıq keçmişə apararaq onları o dövrün Bakı həyatı ilə tanış edəcək. Köhnə fotoşəkillər və tarixi materiallar əsasında yaradılmış bu məkan ziyarətçilərə yalnız keçmişə səyahət etmək deyil, həm də həmin dövrün ab-havasını yaxından hiss etmək imkanı verəcək”, – deyə o vurğulayıb.
Rüfət Mahmud qeyd edib ki, “Timepavilion – Bakı 1919” son bir il ərzində İdarə tərəfindən istifadəyə verilən sayca altıncı muzeydir.
“Layihənin əsas özəlliklərindən biri ziyarətçilərə Azərbaycan Xalq Cümhuriyyəti dövrünün Bakısını yaxından tanımaq imkanı yaratmasıdır. Məlum olduğu kimi, həmin illər Azərbaycan tarixinin mühüm mərhələlərindən biridir. O dövrdə Bakı ölkənin iqtisadi, sosial və mədəni mərkəzi olmaqla yanaşı, sürətlə inkişaf edən, müxtəlif mədəniyyətlərin və memarlıq üslublarının qovuşduğu şəhər idi. Yeni muzey həmin dövrün şəhər mühitini, insanların gündəlik həyatını və Bakının özünəməxsus ab-havasını canlandırmaq baxımından mühüm əhəmiyyət daşıyır”, – deyə İdarə Heyətinin sədri əlavə edib.
Layihənin ideya müəllifi Vahid İbrahimov isə çıxışında Bakının zəngin tarixi irsini əks etdirən belə bir muzeyin yaradılmasının əhəmiyyətindən danışıb. O bildirib ki, layihənin əsas məqsədi müasir texnologiyaların imkanlarından istifadə etməklə paytaxtın tarixi keçmişini ziyarətçilərə yeni, fərqli və maraqlı formada təqdim etməkdir.
“Ümid edirik ki, gördüyümüz işlər və təqdim etdiyimiz xidmətlər ziyarətçilərin rəğbətini qazanacaq. Bundan sonra da bütün imkanlarımızı səfərbər edərək layihənin inkişafı istiqamətində fəaliyyətimizi davam etdirəcəyik. Əsas hədəflərimizdən biri muzeyin texniki imkanlarını genişləndirmək, təqdim olunan məzmunu zənginləşdirmək və ziyarətçilər üçün daha maraqlı təcrübə yaratmaqdır. Bu, yalnız başlanğıcdır. İnanırıq ki, qarşıdakı illərdə imkanlarımız daha da genişlənəcək və layihə yeni istiqamətlər üzrə inkişaf etdiriləcək”, – deyə Vahid İbrahimov vurğulayıb.
Çıxışlardan sonra mərasim iştirakçıları muzeyin ekspozisiyası ilə tanış olub, burada tətbiq edilən innovativ texnologiyalar, eləcə də tarixi mühitin canlandırılması üçün yaradılan imkanlar barədə ətraflı məlumat alıblar.
Qeyd edək ki, “Timepavilion – Bakı 1919” muzeyi müasir texnologiyalar vasitəsilə ziyarətçilərə paytaxtın bir əsrdən artıq tarixi mühitinə virtual səyahət etmək, həmin dövrün şəhər həyatını və gündəlik məişətini fərqli baxış bucağından kəşf etmək imkanı yaradır. Muzeydə virtual reallıq (VR) eynəkləri, audiobələdçilər və xüsusi səs avadanlıqlarından istifadə olunur. Bu texnologiyalar sayəsində ziyarətçilər tarixi hadisələri və şəhər mənzərələrini sadəcə izləməklə kifayətlənmir, həm də özlərini həmin dövrün bir parçası kimi hiss edə bilirlər.

