Birləşmiş Krallığın paytaxtı London şəhərində 2026-cı il oktyabrın 13-də Azərbaycanın maarifçilik tarixi, mənəvi-fəlsəfi irsi və mədəniyyətinə həsr edilmiş iki tədbir keçirilib. İlk tədbir Londondakı Yunus Əmrə İnstitutunda olub.
“Tehsil365” xəbər verir ki, Tədbirin təşkilatçısı, İngiltərə Kral İncəsənət Cəmiyyətinin (Royal Society of Arts) üzvü, politoloq-jurnalist Nil Uatson (Neil Watson) açılış nitqi ilə çıxış edərək, Azərbaycanın maarifçilik hərəkatının regional və qlobal miqyasda aktuallığından söz açıb. O, xüsusilə Şərqdə ilk operanın və musiqili komediyanın banisi, Azərbaycan maarifçilik tarixinin görkəmli nümayəndəsi Üzeyir Hacıbəylinin fəaliyyətini və onun Şərq-Qərb sintezindəki müstəsna rolunu vurğulayıb.
Tədbirdə elmi məruzələrlə çıxış edən azərbaycanlı və türkiyəli alimlər mövzunun müxtəlif aspektlərinə işıq salıblar. AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri dosent Zöhrə Əliyeva çıxışında XX əsrin əvvəllərində Azərbaycanda cərəyan edən maarifçilik təmayüllərindən, milli oyanış dövrünün intellektual mühitindən və böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin bu tarixi hərəkata verdiyi misilsiz dəstəkdən geniş bəhs edib.
Xəzər Universitetinin Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunun (MƏFAİ) koordinatoru filologiya üzrə fəlsəfə doktoru Fəridə Seyidova çıxışında Türk xalqlarının mənəvi maarifçilik köklərinə və ortaq mədəni dəyərlərin formaşlaşma tarixinə toxunub.
Məruzələrdən sonra böyük bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında ekranlaşdırılmış və Heydər Əliyev Fondu tərəfindən bərpa edilərək rəngləndirilmiş “Arşın mal alan” filmi nümayiş olunub.
Elə həmin gün Birləşmiş Krallığın nüfuzlu elm və mədəniyyət ocaqlarından biri olan Kral İncəsənət Cəmiyyətində (Royal Society of Arts) də dahi bəstəkar Üzeyir Hacıbəylinin irsi təqdim olunub və “Arşın mal alan” filmi nümayiş etdirilib.
Səfər çərçivəsində azərbaycanlı alimlər Kembric Universitetinin Jesus Kollecində fəaliyyət göstərən Mərkəzi Asiya Forumunun direktoru, professor Siddharth Saxena ilə görüşüblər. Görüş zamanı Azərbaycan Prezidentinin təsdiq etdiyi “ Azərbaycan mədəniyyəti – 2040” konsepsiyası çərçivəsində Azərbaycan klassiklərinin ingilisdilli auditoriyaya təqdim olunması imkanları və bu istiqamətdə əməkdaşlıq perspektivləri müzakirə edilib.

