“Qiyabi təhsilin distant formatda təşkili əvvəlcə uyğun ixtisaslarda sınaqdan keçirilməli, nəticələr qiymətləndirildikdən sonra genişləndirilməlidir. Praktiki hazırlıq tələb edən sahələrdə nəzəri dərslərin məsafədən, təcrübə və məşğələlərin isə əyani keçirildiyi qarışıq model tətbiq oluna bilər".
“Tehsil365” xəbər verir ki, bu sözləri “Modern.az”a açıqlamasında Milli Məclisin deputatı Elnarə Akimova bildirib.
Deputatın sözlərinə görə, distant təhsilə keçiddə əsas məqsəd tədrisin formasını dəyişməklə kifayətlənməməli, onun keyfiyyətini və nəticələrini qorumaq olmalıdır:
“Müasir dövrdə bilik əldə etmək üçün universitet auditoriyasında fiziki iştirak yeganə imkan deyil. Elektron tədris platformaları, canlı mühazirələr, rəqəmsal kitabxanalar və virtual seminarlar yeni imkanlar yaradır. Əsas məsələ distant təhsilin hansı ixtisaslar üzrə, hansı texniki və akademik şərtlərlə təşkil ediləcəyidir”.
Elnarə Akimova bildirib ki, qiyabi təhsil təcrübəsi və elektron tədris imkanları olan universitetlərdə uyğun proqramların mərhələli sınağı mümkündür:
“Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, eləcə də Azərbaycan Memarlıq və İnşaat Universiteti kimi ali məktəblərdə uyğun proqramların sınaqdan keçirilməsi nəzərdən keçirilə bilər. Bu, həmin universitetlərin artıq distant təhsilə keçidlə bağlı qərar qəbul etdiyi anlamına gəlmir. Tətbiq imkanları hər universitetin texniki hazırlığı, tədris proqramları və akkreditasiya tələbləri əsasında müəyyənləşdirilməlidir”.
Deputatın fikrincə, nəzəri biliklərin, müstəqil araşdırmanın və rəqəmsal tapşırıqların üstünlük təşkil etdiyi sahələr distant təhsil üçün daha münasibdir:
“İqtisadiyyat, maliyyə, mühasibat uçotu, menecment, marketinq, filologiya, tarix, fəlsəfə, sosial elmlər və informasiya texnologiyalarının bir sıra istiqamətləri bu baxımdan əlverişli ola bilər. Pedaqoji ixtisasların nəzəri hissəsini də distant təşkil etmək mümkündür. Lakin müəllim hazırlığında məktəb təcrübəsi, müşahidə və real dərs prosesi mütləq qorunmalıdır”.

