Payız fəslinin başlaması ilə havalar soyumağa başlayır, yağıntıların miqdarı artır. Bəzi çaylarda suyun səviyyəsinin yüksəlməsi ayrı-ayrı hallarda sel və daşqınlara səbəb ola bilər. Şimal, şimal-şərq, şimal-qərb, bəzi hallarda isə cənub-qərbdən – Aralıq dənizi və Kiçik Asiya (Türkiyə) istiqamətindən ölkəmizə soyuq və rütubətli hava kütlələri daxil olur. Bu hava kütlələri temperaturun aşağı düşməsinə və yağıntıların artmasına səbəb olur.
“Tehsil365” bildirir ki, Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun İqlim şöbəsinin baş elçi işçisi coğrafiya üzrə fəlsəfə doktoru Həsən Nəbiyev AZƏRTAC-a açıqlamasında bildirib ki, son günlər Bakıda havaların soyuması Xəzər dənizinin şimal-şərqində formalaşan dərin siklonla bağlı olub. Onun sözlərinə görə, payız fəslində soyuqlaşmalar sonradan müvəqqəti istiləşmə ilə əvəz olunur. Bu hadisə elmdə “istilərin qayıtması” adlanır.“İstilərin qayıtması”na sentyabr və oktyabr aylarında rast gəlinir. Adətən, bu hadisə payızda ilk soyuqlaşmadan sonra müşahidə edilir.
H.Nəbiyev qeyd edib ki, fəsillərin davamiyyətində müəyyən dəyişikliklər baş verir, yəni onların başlama və qurtarma tarixlərində dəyişikliklər müşahidə edilir. Bu da iqlim dəyişmələri ilə sıx bağlıdır. Qlobal istiləşmə nəticəsində isti dövrün davamiyyəti uzanır, soyuq dövrün davamiyyəti isə azalır.
“Bu il demək olar ki, payız fəsli əvvəlki onilliklərdəki payız fəslinə oxşayır. Güclü küləklər, yağıntılar və temperaturun aşağı düşməsi bu fəslin əsas xüsusiyyətlərindəndir. Amma sonrakı dövrdə bizi nə gözləyir sualına cavab vermək çox çətindir. Uzunmüddətli hava proqnozlarının özünü doğrultma ehtimalı azdır. Onu deyə bilərəm ki, dəyişkən hava-iqlim şəraitində təbii-dağıdıcı hadisələrin başvermə ehtimalı yüksəkdir. Bu da meridional hadisələrin təkrarlanmasının çoxalması ilə sıx bağlıdır”, – deyə alim vurğulayıb.

