Azərbaycan Dillər Universitetinin Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsi ölkənin xarici siyasətini həyata keçirə biləcək peşəkar kadrların hazırlanmasında mühüm rol oynayır.
“Tehsil365” xəbər verir ki, Fakültə 2001-ci ildə “İngilis dili” fakültəsinin nəzdində “Avropaşünaslıq” ixtisası kimi yaradılıb. Universitet Elmi Şurasının 7 sentyabr 2001-ci il qərarı və rektorun 19 oktyabr 2001-ci il tarixli əmrinə əsasən “Avropaşünaslıq və Beynəlxalq Münasibətlər” fakültəsinə çevrilib.
2002-2003-cü tədris ilindən “amerikaşünaslıq” ixtisası açılıb, həmin ildən magistratura proqramlarına da qəbul başlayıb.
2017-ci ilin 12 sentyabr tarixli qərarı ilə fakültənin adı “Beynəlxalq Münasibətlər və İdarəetmə”, 2019-cu ilin 12 sentyabr tarixli əmri ilə isə “Beynəlxalq Münasibətlər və Regionşünaslıq” adlandırılıb.
Fakültədə hazırda 1700-ə yaxın tələbə təhsil alır. Bu göstərici ilə fakültə ADU-nun ən böyük fakültələrindən biri hesab olunur.
Fakültədə 7 kafedra və 16 elmi mərkəz fəaliyyət göstərir. Mərkəzlər Azərbaycanın sıx əlaqədə olduğu ölkə və regionlar üzrə yaradılıb.
Kadr hazırlığı iki istiqamətdə aparılır: beynəlxalq münasibətlər və regionşünaslıq. Məzunlar günümüzdə Xarici İşlər Nazirliyi, Milli Məclis, Diasporalarla İş üzrə Dövlət Komitəsi, səfirliklər və digər dövlət orqanlarında çalışırlar.
Regionşünaslıq üzrə Türkiyə, Pakistan, İsrail, Rusiya, Serbiya, Çin, Yaponiya, Hindistan, Skandinaviya və digər ölkələr üzrə mütəxəssislər hazırlanır. 44 günlük Vətən müharibəsi dövründə dövlətin ehtiyac duyduğu erməni dilini bilən kadrlar da məhz bu fakültədə yetişdirilib.
2026/2027-ci tədris ilində fakültədə ilk dəfə olaraq Regionşünaslıq (Mərkəzi Asiya üzrə) ixtisasına qəbul verilib. Bu ixtisasda özbək dili tədris olunur. Bu ildən Region (Afrika üzrə) ixtisasında isə suaxili dili tədris olunur.
IV kurs tələbələri istehsalat təcrübəsini 30 kredit olmaqla Milli Məclis, Xarici İşlər Nazirliyi, Diaspora Komitəsi, nazirliklər və səfirliklərdə keçirlər.
Fakültəyə 22 dekabr 2017-ci il tarixdən bu günə qədər tarix elmlər doktoru, professor İbrahim Kazımbəyli rəhbərlik edir.

