Oktyabrın 15-də Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin Qərb ölkələri üzrə regionşünaslıq kafedrasının təşkilatçılığı ilə “Müharibənin qadın üzü” adlı maarifləndirici tədbir keçirilib.
“Tehsil365” xəbər verir ki, Tədbirin əsas məqsədi Vətən müharibələri kontekstində qadınların ön və arxa cəbhədəki rolunu işıqlandırmaq, onların fədakarlığını gender perspektivindən dəyərləndirmək və gənclər arasında sülh mədəniyyətini təşviq etmək olub.
Qərb ölkələri üzrə regionşünaslıq kafedrasının müdiri, professor Sevdagül Əliyeva çıxışında müharibələrin müxtəlif aspektlərinə toxunaraq qadınların müharibə dövründə üzərinə götürdükləri məsuliyyət və cəmiyyətin həyatındakı rolundan bəhs edib. O, qadınların həm ön, həm də arxa cəbhədə göstərdikləri fədakarlığın, iradənin və vətənpərvərliyin əhəmiyyətini vurğulayıb.
Tədbirdə müharibə dövründə ön və arxa cəbhədə tibb işçisi kimi fəaliyyət göstərmiş, “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyinin sədri Radə Abbas, şəhid polkovnik-leytenant Rəşad Quliyevin anası Mətanət Quliyeva və universitetin məzunu, şəhid Elvin Bayramovun bacısı Bahar Ağamalıyeva iştirak ediblər.
Tədbir çərçivəsində şəhidlərin həyat və qəhrəmanlıq yoluna həsr olunmuş videoçarxlar nümayiş etdirilib. Şəhid ailələrinin nümayəndələri öz xatirələrini bölüşərək müharibənin doğurduğu mənəvi sınaqlardan və itkilərin ailələrin həyatına təsirindən bəhs ediblər. Radə Abbas isə müharibə dövründə qadınların üzərinə götürdükləri məsuliyyətli vəzifələr, onların göstərdikləri iradə və fədakarlıq barədə məlumat verib.
Müzakirələr zamanı qadınların müharibə şəraitindəki fəaliyyəti ilə yanaşı, gender stereotipləri, cəmiyyətin dayanıqlılığında qadınların rolu, müharibələrin insan həyatına təsiri və sülhün qorunmasının əhəmiyyəti kimi məsələlərə də toxunulub.
Tədbirin sonunda tələbələr müharibə əleyhinə və sülhə dəstək məqsədilə öz mesajlarını səsləndiriblər. Çıxışlarda insan həyatının dəyəri, qarşılıqlı anlaşma, humanizm və gələcək nəsillər üçün sülh şəraitinin qorunmasının vacibliyi vurğulanıb.
Tədbirin yekununda fakültənin dekanı, professor İbrahim Kazımbəyli müharibələrin tarixinin və nəticələrinin yalnız hərbi hadisələr müstəvisində deyil, həm də insan taleləri, ailələrin yaşantıları, gender münasibətləri və cəmiyyətin sülhə olan ehtiyacı baxımından dəyərləndirilməsinin vacibliyini qeyd edib.
Tədbirin moderatoru, Qərb ölkələri üzrə regionşünaslıq kafedrasının baş müəllimi Şəfa Əbdürrəhimova bu cür təşəbbüslərin gənclərin tarixi yaddaşının möhkəmləndirilməsinə, gender məsələlərinə həssas yanaşmanın formalaşmasına və sülh dəyərlərinin təşviqinə töhfə verdiyini vurğulayıb.

