Azərbaycan Dillər Universitetinin Psixologiya və Pedaqogika kafedrasının I kurs Psixologiya ixtisası üzrə təhsil alan tələbələri Psixologiya Elmi Tədqiqat İnstitutunun Beyin və Davranış Laboratoriyasında olublar.
“Tehsil365” xəbər verir ki, Görüşün əsas məqsədi tələbələrin müasir psixoloji tədqiqat metodları, innovativ texnoloji avadanlıqlar və onların praktik tətbiq sahələri ilə yaxından tanış olmaları olub.
Beyin və Davranış Laboratoriyasının rəhbəri Səyanə Əliyeva tələbələrə laboratoriyanın fəaliyyəti, burada həyata keçirilən elmi-tədqiqat istiqamətləri, psixodiaqnostika və psixokorreksiya sahəsində görülən işlər barədə ətraflı məlumat verib.
O, eyni zamanda laboratoriyada istifadə olunan avadanlıqların funksiyaları, tətbiq sahələri və iş prinsipləri haqqında geniş məlumat verib.
Səyanə Əliyeva tələbələrə “Neurofeedback” və “Neurofeedback robotu”, “Transkranial Birbaşa Cərəyan Stimullaşdırıcısı” (tDCS), “Beta-Alfa” aparatı, “Virtual Reallıq (VR)” həyəcan-qorxu aparatı, LiTMS aparatı, “Quantitative (Rəqəmsal) Elektroensefaloqramma” (QEEG) aparatları barədə məlumat verib. O, həmçinin bu avadanlıqların işləmə mexanizmi, psixoloji qiymətləndirmə və müdaxilə prosesində rolu haqqında danışıb.
Eyni zamanda, tələbələr diaqnostika və korreksiya proseslərini praktik şəkildə müşahidə edərək nəzəri biliklərini real tətbiq mühitində sınamaq imkanı əldə ediblər.

