Layihənin məqsədi 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətini, Azərbaycan xalqının qəhrəmanlığını və qazandığı tarixi Zəfəri gənc nəslə çatdırmaq, tələbələr arasında vətənpərvərlik ruhunu və milli-mənəvi dəyərlərə bağlılığı gücləndirməkdir.
“Tehsil365” xəbər verir ki, Tədbiri giriş sözü ilə açan UNEC-in tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilova Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda aparılan mübarizənin tarixi əhəmiyyətindən, Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi birlik və həmrəylikdən, eləcə də gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasının vacibliyindən bəhs edib.
İqtisadçı Vətənpərvərlər Təşkilatının sabiq sədri, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin İdarə Heyətinin üzvü Yusif Cəfərbəyli çıxışında Vətən müharibəsi dövründə xalqın və ordunun nümayiş etdirdiyi iradə və qətiyyətə toxunub. O, Zəfərin əldə olunmasında milli həmrəyliyin rolundan danışaraq, gənclərin bu tarixi hadisələrin mahiyyətini dərindən dərk etməsinin və Azərbaycanın Zəfər tarixinin təbliğində fəal iştirakının vacibliyini vurğulayıb.
İqtisadçı Vətənpərvərlər Təşkilatının sədri Aygül Hacızadə və İqtisadiyyat və idarəetmə fakültəsinin tələbə dekanı İbrahim Abbasov çıxışlarında Zəfər Həftəsinin əhəmiyyətindən, Vətən müharibəsində qazanılan tarixi Qələbənin xalqımızın milli qürur mənbəyi olmasından danışıblar.
Daha sonra fakültənin və İqtisadçı Vətənpərvərlər Təşkilatının ictimai həyatında fəallığı ilə seçilən 25 tələbəyə təşəkkürnamələr təqdim olunub.
Rəsmi hissədən sonra tədbir UNEC Bədii Yaradıcılıq Mərkəzinin rəqs ansamblının çıxışı və musiqi nömrələri ilə davam edib. Bədii proqram tədbirə xüsusi rəng qataraq iştirakçılara unudulmaz anlar yaşadıb.
Sonda 44 günlük Vətən müharibəsinə və Azərbaycanın Zəfər tarixinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Videoçarxda Azərbaycan əsgərinin qəhrəmanlığı, xalqımızın birliyi və tarixi Qələbənin əhəmiyyəti əks olunub.
Qeyd edək ki, oktyabrın 23-dək davam edəcək Zəfər Həftəsi çərçivəsində intellektual yarış, film nümayişi, maarifləndirici seminar və konsert proqramı təşkil olunacaq.

