2020-ci ildə UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) “Maliyyə” ixtisasına 659,2 balla qəbul olunan Nəzrin 2024-cü ildə universiteti 99,03 ballıq nəticə ilə fərqlənmə diplomu ilə bitirib. Hazırda ABŞ-nin Massaçusets Texnologiya İnstitutunda (MIT) “Maliyyə” üzrə magistr təhsili alan məzunun akademik göstəricisi 5 bal üzərindən 4,8-dir. Yüksək akademik nəticələrinə görə o, MIT-nin “Dean's Fellowship” təqaüdünə layiq görülüb.
Bəs Nəzrinin MIT-dəki tələbə həyatı necə keçir?
“Tehsil365” xəbər verir ki, O, yalnız təhsil almır, həm də “Sistem Dinamikası” fənni üzrə müəllim köməkçisi kimi çalışır, tələbələrin tapşırıqlarını qiymətləndirir və dərslərin təşkilinə dəstək verir. MIT-nin dayanıqlı inkişaf üzrə sertifikat proqramını da tamamlayan Nəzrin maliyyə, iqlim və ətraf mühit mövzularında biliklərini genişləndirir.
Onun fəaliyyəti bununla da bitmir. Nəzrin Harvard Universitetinin Hüquq Məktəbində iqtisadi ədalət və hüquq-maliyyə əlaqələri ilə bağlı fənlərin tədrisində iştirak edir.
Dünya nəhəngləri ilə eyni layihələrdə!
MIT-də təhsil aldığı müddətdə Nəzrin Fidelity Investments, MSCI və McKinsey & Company kimi beynəlxalq şirkətlərlə strateji layihələrdə iştirak edib. Bu layihələr çərçivəsində insan kapitalının şirkətlərin maliyyə nəticələrinə təsirini, iqlim dəyişikliklərinin investisiya risklərini, eləcə də “Boeing” şirkətinin maliyyə və əməliyyat fəaliyyətini təhlil edib.
2026-cı ilin yayında isə Bostonda fəaliyyət göstərən GreenieRE Coalition təşkilatında dayanıqlı maliyyə üzrə tədqiqatçı kimi çalışıb. Elektrik avtomobilləri və karbon bazarları üzrə investisiya imkanlarını araşdırıb, elektrik avtomobillərinin gələcək bazar dəyərini və sığorta risklərini qiymətləndirən maliyyə modeli hazırlayıb.
MIT Azərbaycanlı Tələbələr Assosiasiyasının həmtəsisçisi və prezidenti
O, sosial və ekoloji problemlərin həllinə yönələn investisiyaları təşviq edən MIT Impact Investing Initiative (Mi3) təşkilatının həmsədridir. Eyni zamanda, MIT Azərbaycanlı Tələbələr Assosiasiyasının həmtəsisçisi və prezidentidir. Təşkilat azərbaycanlı tələbələri bir araya gətirir, milli mədəniyyətimizi tanıdır və tələbələr arasında peşəkar əlaqələrin qurulmasına kömək edir.
UNEC məzununun uğur hekayəsi gənclərimizə böyük hədəflər müəyyənləşdirməyin, özünə inanmağın və fürsətləri dəyərləndirməyin nə qədər vacib olduğunu göstərir. Çünki dünya miqyasında uğurlara aparan yol bəzən məhz universitet auditoriyasından başlayır!

