Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi-Tədqiqat Mərkəzi (ADPU ETM) tərəfindən “ADPU-nun Şamaxı filialında pedaqoji kadr hazırlığında müasir təlim texnologiyalarının tətbiqi” layihəsi çərçivəsində nümunəvi dərs təşkil olunub.
“Tehsil365” xəbər verir ki, Layihə üzrə seçilmiş mentorlar - filialın Pedaqoji fakültəsinin dekanı, baş müəllim Qahirə Şahbazova, Sosial və xüsusi fənlər kafedrasının müdiri b.ü.f.d. Təranə Əkbəri tərəfindən “Ətraf aləmin qorunmasında rəqəmsallaşmanın rolu” mövzusunda keçirilən dərs innovativ təlim texnologiyalarının metod və üsulları əsasında təqdim edilib.
Nümunəvi dərsdə filialın Sosial və humanitar məsələlər üzrə direktor müavini p.ü.f.d. Şəlalə Seyidova, ETM-in Tətbiqi tədqiqatlar bölməsinin müdiri, layihənin koordinatoru dosent Gülşən Novruzova, filialın müəllim-mentorları - Tədris şöbəsinin müdiri Ruqiyyə Babaşova, Keyfiyyət təminatı və strategiya şöbəsinin müdiri Təranə Mütəllimova, Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Türkan Hüseynova iştirak ediblər.
Dərsdən sonra keçirilən müzakirələrdə müasir təlim texnologiyalarının pedaqoji kadr hazırlığında rolu, innovativ metodların tədrisə inteqrasiyası və müəllimlərin peşəkar inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, mentorların təqdimatında nümunəvi dərslərin mütəmadi təşkili tədrisin keyfiyyətinin yüksəldilməsinə, müəllimlərin pedaqoji bacarıqlarının təkmilləşdirilməsinə və tədqiqatəsaslı təlimin inkişafına mühüm töhfə verə bilər. Müzakirələrdə rəqəmsallaşma dövründə süni intellekt imkanlarının təhsil prosesinə inteqrasiyasının aktuallığı vurğulanıb.
Sonda layihədə mentor təlimində iştirak etmiş müəllimlərə sertifikat təqdim olunub.

