Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 və 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarələrinin dəstəyi ilə “Plastik Reinkarnasiyası: İkinci həyat” layihəsi çərçivəsində Göyçay və Ağsu rayonlarında elmi-maarifləndirici seminarlar təşkil olunub. Seminarlar Göyçay Regional Ədliyyə İdarəsində, Göyçay şəhər Məhəmməd Füzuli adına 6 saylı tam orta ümumtəhsil məktəbində və Ağsu rayonu Məzahir İsmiyev adına Ərəbuşağı kənd tam orta ümumtəhsil məktəbində keçirilib.
“Tehsil365” xəbər verir ki, Layihənin əsas məqsədi plastik tullantıların ətraf mühitə mənfi təsirləri barədə məlumatlılığı artırmaq, bioloji parçalanan biopolimer materialların hazırlanması imkanlarını təqdim etmək və gənclərdə ekoloji məsuliyyət hissini formalaşdırmaqdır.
Seminarlar zamanı layihənin müəllifləri – Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kimya və Biologiya fakültəsinin V kurs tələbəsi Fatimə Abdullayeva və fakültənin məzunu Gülay İmanzadə plastik tullantıların ətraf mühitə təsiri, onların təkrar istifadəsinin əhəmiyyəti və alternativ materialların hazırlanması imkanları barədə məlumat veriblər. İştirakçılara tullantıların azaldılması, resurslardan səmərəli istifadə və ekoloji problemlərin həllində innovativ yanaşmaların rolu haqqında da məlumat təqdim olunub.
Tədbirlərdə mövzu ilə bağlı müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb. Fəallığı ilə seçilən şagirdlər hədiyyələrlə mükafatlandırılıblar.
Layihə çərçivəsində həyata keçirilən ekoloji maarifləndirmə fəaliyyətinə görə Fatimə Abdullayeva və Gülay İmanzadə 6 və 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarələri tərəfindən sertifikatlarla təltif olunublar.

