Son dövrlərdə sosial şəbəkələrdə dəriyə qulluq vasitələrinin reklamı və müxtəlif qulluq rutinləri geniş yayılıb. Xüsusilə qısa müddətdə effekt vəd edən kosmetik məhsullar gənclərin diqqətini cəlb edir. Lakin bu vasitələrin hər kəsdə eyni nəticəni verməsi mümkün deyil. Bəs dəriyə qulluq məhsullarını seçərkən nələrə diqqət etmək lazımdır?
Mövzu ilə əlaqədar dermatoloq Sevinc Kərimova “Tehsil365”ə müsahibəsində danışıb.
– Sosial şəbəkələrdə məşhurlaşan dəriyə qulluq məhsullarının qısa müddətdə effekt göstərdiyi iddia olunur. Bu cür nəticələrə inanmaq nə dərəcədə doğrudur?
– Reklam olunan məhsullar qısa müddətdə hər kəsdə effekt verə bilməz. Dəridəki problemlərin ağırlıq dərəcəsindən asılı olaraq sağalma prosesi dəyişir. Həmçinin reklam olunan hər məhsul hər kəs üçün uyğun deyil. Çünki insanların dəri tipləri fərqlidir: yağlı, quru və qarışıq dəri tipləri mövcuddur. Yaş faktoru və dəri problemlərinin yaranma səbəbləri də nəzərə alınmalıdır. Sızanaq və səpkilər müxtəlif səbəblərdən, o cümlədən hormonal balans pozğunluqları ilə əlaqədar yarana bilər.
Buna görə də dermatoloqa müraciət etmək vacibdir. Həkim dərini müayinə etdikdən sonra diaqnozu dəqiqləşdirir və uyğun müalicə ilə dəriyə qulluq vasitələrini müəyyənləşdirir. Qulluq vasitələri birbaşa müalicəni əvəz etmir. Müalicəvi kosmetologiya isə tətbiq olunan müalicəyə dəstək ola bilər. Bu cür məhsullardan aktiv müalicədən sonra istifadə etmək daha məqsədəuyğundur.
– Son zamanlar gənclər arasında çoxmərhələli dəriyə qulluq rutinləri dəbdədir. Sizcə, çox sayda kosmetik məhsuldan istifadə etmək dərinin sağlamlığına mənfi təsir göstərə bilərmi?
– Çoxmərhələli dəriyə qulluq rutinlərindən istifadə bəzi hallarda yanlış yanaşmadır. Dərinin öz mikrobiomu var və bu, dərinin xarici təsirlərdən qorunmasında mühüm rol oynayır. Həddindən artıq losyonlardan, üz yuma gellərindən və müxtəlif maskalardan istifadə dərinin təbii müdafiə qabiliyyətini zəiflədə bilər. Beləliklə, dəriyə fayda vermək əvəzinə ona zərər vurmaq mümkündür.
Bu səbəbdən dəriyə qulluq vasitələrindən istifadə etmək istəyən şəxslərin əvvəlcə dermatoloqa müraciət etməsi vacibdir. Dərinin tipi və mövcud problemlər müəyyənləşdirilməli, məhsullar mütəxəssisin tövsiyəsi əsasında seçilməlidir.
– Sosial şəbəkələrdə filtrlər və foto redaktələri ilə əldə edilən qüsursuz dəri görüntüləri insanların öz dərilərindən narazı qalmasına səbəb ola bilərmi?
– Əlbəttə. Məhsullar reklam edilərkən müxtəlif platformalarda süni intellektdən və filtrlərdən istifadə oluna bilər. İnsanlar bu reklamlara inanaraq həmin vasitələrdən həddindən artıq istifadə edir və nəticədə dərilərinə zərər vura bilirlər.
Məhsul seçərkən orijinal və keyfiyyətli vasitələrə üstünlük vermək vacibdir. Lakin məhsul orijinal olsa belə, hər kəsdə eyni təsiri göstərməyə bilər. Bəzi hallarda əks təsirlər də yarana bilər. Buna görə də dəriyə qulluq vasitələrinin seçilməsi zamanı mütəxəssislə məsləhətləşmək vacibdir.

