“Gənclərin tarixə maraq dairəsi kifayət qədər genişdir və bu maraq dövrün gündəmindən asılı olaraq dəyişir. Onun sözlərinə görə, son dövrlərdə gənclər daha çox həm Səfəvilər dövrü, həm də qadınların tarixdə və müasir Azərbaycanda rolu ilə bağlı mövzulara üstünlük verirlər”.
Bu sözləri “Tehsil365”ə açıqlamasında tarix elmləri namizədi, BDU-nun Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının dosenti Boran Əziz bildirib.
Tarixçi qeyd edib ki, gənclər arasında bu mövzu ilə bağlı hələlik xüsusi sorğu aparmasa da, mövcud tendensiyalar internetdə müzakirə olunan tarixi məsələlərin sürətlə dəyişdiyini göstərir.
“Son dövrlərdə gənclərin mənə ünvanladığı suallar əsasən Səfəvilərin etnik mənşəyi, Şah İsmayıl, Qızılbaş ideologiyası və digər tarixi mövzularla bağlı olub”,—deyə B.Əziz vurğulayıb.
Bununla yanaşı tarixçi qeyd edib ki, ən son dövrlərdə isə gəncləri daha çox baş örtüyü müzakirələri, Cümhuriyyət dövründə qadınlara münasibət, həmçinin müstəqillik dövründən sonra Azərbaycanda qadın siyasəti və onların dövlət qurumlarında təmsil olunması məsələləri maraqlandırır.
Sonda Boran Əziz bir daha qeyd etdi ki, bu mövzular zaman-zaman aktuallığını dəyişir və müşahidələrimə əsasən, gənclərin bu sahəyə maraq dairəsi kifayət qədər genişdir.

