Bu gün Zəngilan şəhərinin işğaldan azad edilməsinin altıncı ildönümüdür.
2020-ci il oktyabrın 20-də Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində Zəngilan şəhəri işğaldan azad edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamına əsasən, bu tarixi hadisənin əbədiləşdirilməsi məqsədilə 20 oktyabr Zəngilan Şəhəri Günü elan olunub.
Bəs, hazırda Zəngilanda neçə təhsilalan və təhsilverən var?
“Tehsil365” AzEdu.az-a istinadən xəbər verir ki, hazırda Zəngilan rayonu ərazisində 60 yerlik Ağalı kənd körpələr evi-uşaq bağçası və 360 yerlik Ağalı kənd tam orta ümumtəhsil məktəbi fəaliyyət göstərir. Müasir təhsil infrastrukturu ilə təmin edilən bu müəssisələr doğma torpaqlarına qayıdan ailələrin övladlarının təhsil alması və hərtərəfli inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
İdarənin məlumatına görə, Ağalı kənd körpələr evi-uşaq bağçasında 56 uşağın təlim-tərbiyəsi ilə 6 təhsilverən, Ağalı kənd tam orta ümumtəhsil məktəbində isə 339 şagirdin təlim-tərbiyəsi ilə 27 təhsilverən məşğul olur.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə təhsil müəssisələrinin fəaliyyətinin bərpası Böyük Qayıdışın mühüm istiqamətlərindən biridir. Bu proses gələcək nəslin doğma yurdlarında yetişməsinə xidmət edir.

