Xalq yazıçısı Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada işıq üzü görüb.
“Tehsil365” xəbər verir ki, nəşrin “Ön söz”ünü İstanbuldakı Servantes İnstitutunun direktoru Fernando Vara de Rey qələmə alıb.
İspan ədəbi resursları və mətbuatı əsəri müasir Azərbaycan ədəbiyyatının incilərindən biri və intellektual detektiv roman kimi xarakterizə edib.
Nəşriyyatın ədəbi heyəti romanın dünya səviyyəli fəlsəfi nəsr nümunəsi olduğunu vurğulayıb. Müəllif Kamal Abdulla isə əsərin Servantesin dilində çap olunmasını “ədəbi xoşbəxtlik” kimi dəyərləndirib. Kitab artıq İspaniyanın “Fnac España”, “Casa del Libro” kimi aparıcı şəbəkələrində və nəşriyyatın rəsmi platformasında satışa çıxarılıb.
“Editorial Confluencias” nəşriyyatında işıq üzü görən kitabın tərcüməçiləri Rəhimə Məmmədova, Jalə Qənbərli, Aynur Quliyeva, Gülnar Mustafayeva, Aytən Əliyeva, Dürnisə Ağayeva, Nurida Aslanova və Günel Qəmbərova, redaktorlar Leonardo Caro Calvo, Maynor Cruz və Carlos M. Castrodur.
Qeyd edək ki, Bakıda ilk dəfə 2004-cü ildə işıq üzü görən roman indiyədək ABŞ, Fransa, İtaliya, Yaponiya və Braziliya daxil olmaqla 14-dən çox ölkədə nəşr edilib, İtaliyanın nüfuzlu “Scanno” mükafatına layiq görülüb.

