Tanınmış azərbaycanlı dizayner Gülnarə Xəlilova dünyanın müxtəlif ölkələrindən modelyerləri bir araya gətirən IX Beynəlxalq "Bursa Fashion Week" moda həftəsində milli kolleksiyasını nümayiş etdirib.
“Tehsil365” xəbər verir ki, Gülnarə Xəlilovanın kolleksiyası Azərbaycan milli geyimlərinin zənginliyini, mədəni irsimizin özünəməxsusluğunu və dekorativ-tətbiqi sənət ənənələrimizi əks etdirib. Dizayner işlərində milli motivləri, ənənəvi elementləri və müasir moda tendensiyalarını sintez edərək Azərbaycan mədəniyyətini beynəlxalq podiumda təmsil edib.
“Bursa Fashion Week” Azərbaycan, Şimali Makedoniya, Rumıniya, Bolqarıstan, İtaliya və Türkiyədən olan dizaynerləri bir araya gətirib. Tədbir milli ənənələrin, müasir dizayn həllərinin nümayişi və beynəlxalq mədəni əlaqələrin möhkəmləndirilməsi üçün mühüm platformaya çevrildi”, – deyə dizayner bildirib.
Qeyd edək ki, layihənin təsisçisi, təşkilatçısı və ideya müəllifi tanınmış dizayner Yaşariye Doğandır.
Tədbir çərçivəsində Gülnarə Xəlilova "Bursa Fashion Week" iştirakçıları ilə birgə Bursa şəhərinin Osmangazi rayonunun bələdiyyə sədri Erkan Aydın, həmçinin Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Bursa üzrə mədəniyyət və turizm müdiri doktor Kamil Özərlə görüşüb.
Erkan Aydınla görüş zamanı beynəlxalq mədəni layihələrin əhəmiyyəti, yaradıcı əməkdaşlığın inkişafı və milli irsin təbliği məsələlərinə xüsusi diqqət yetirilib. Gülnarə Xəlilova xoş münasibət əlaməti olaraq bələdiyyə sədrinə Azərbaycan mədəniyyətinin zənginliyini və milli sənətkarlıq ənənələrini əks etdirən, müəllifi olduğu xüsusi ipək məmulatları və xatirə hədiyyələri təqdim edib.
Gülnarə Xəlilovanın tədbirdə iştirakı Azərbaycan milli geyimlərinin və ölkəmizin mədəni irsinin beynəlxalq miqyasda tanıdılmasına növbəti töhfə olub.

