Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi 2026-cı ildə uzunmetrajlı filmlərin istehsalına ayrılan dəstəyi ötən illə müqayisədə təxminən 42 faiz artıraraq 412,9 milyon lirəyə çatdırıb.
“Tehsil365” xəbər verir ki, bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy açıqlama verib.
Nazirin sözlərinə görə, Kino Dəstəkləmə Şurasının son qərarı ilə 22 layihəyə əlavə olaraq 180,4 milyon lirə vəsait ayrılıb. Bununla da cari ildə dəstəklənən layihələrin sayı 49-a yüksəlib. Son qərar çərçivəsində ilk tammetrajlı filmlər, animasiya layihələri və beynəlxalq birgə istehsallar da dəstəklənib.
M.N.Ersoy bildirib ki, bu təşəbbüslər türk kinosunun inkişafına, yeni istedadların üzə çıxmasına və beynəlxalq əməkdaşlığın genişlənməsinə xidmət edir.
Qeyd edək ki, 2025-ci ildə müvafiq kateqoriyalar üzrə 46 layihəyə ümumilikdə 290 milyon 150 min lirə dəstək ayrılmışdı. 2026-cı ildə isə bu məbləğ 412 milyon 900 min lirəyə çatıb.

