Süni intellektin (AI) inkişafı türk xalqlarının dilinin, mədəniyyətinin, adət-ənənələrinin və tarixi yaddaşının qorunması ilə müşayiət olunmalıdır.
“Tehsil365” “Kabar” agentliyinə istinadla xəbər verir ki, bu fikri Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Raev Bişkekdə keçirilən Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 15-ci plenar iclasında bildirib.
Onun sözlərinə görə, süni intellekt və texnoloji tərəqqi dövrümüzün əsas məsələlərindən birinə çevrilib və bəşəriyyətin gələcəyi üçün həm ümidlər, həm də ciddi narahatlıqlar doğurub.
Baş katib texnoloji dəyişikliklərin həyatın bütün sahələrinə təsir etdiyini və süni intellektin inkişafının cəmiyyət üçün hələlik dəqiq cavabı olmayan suallar doğurduğunu qeyd edib.
“Bu, ayrıca bir ölkənin deyil, bütün bəşəriyyətin problemdir”, - deyən TÜRKSOY-un rəhbəri, həmçinin süni intellektin inkişafının nəticələrini anlamağın və onun istifadəsinə yanaşmaların müəyyən edilməsinin vacibliyini qeyd edib.
Təşkilatın Baş katibi nəsillər boyu davam edən dil, adət-ənənələr, mentalitet, musiqi və mədəni dəyərlər amillərini əhatə edən sivilizasiya yaddaşının qorunmasının vacibliyini vurğulayıb.
Onun fikrincə, qlobal transformasiyalar fonunda bu irsin qorunmasını təmin etmək və onu gələcək nəsillərə ötürmək vacibdir.
Baş katib süni intellektin inkişafında Türk dünyasının tarixi və mədəni kimliyinin nəzərə alınmasının zəruriliyini də diqqətə çatdırıb.

