“Leonardo Art School” və “MiniBoss Business School” 8–13 yaşlı uşaqlar üçün “Kreativ sahibkar – yaradıcılıqdan biznesə” adlı birgə təhsil proqramına start verib.
“Tehsil365” xəbər verir ki, proqram uşaqların yaradıcılıq qabiliyyətlərinin, sahibkarlıq bacarıqlarının və komanda şəklində işləmək vərdişlərinin inkişafına yönəlib.
Proqram çərçivəsində iştirakçılar 4–5 nəfərlik komandalara bölünərək 90 akademik saatlıq təlim keçəcəklər. Təlim iki mərhələdən ibarət olacaq. Yaradıcılıq laboratoriyasında uşaqlar yeni ideyalar irəli sürməyi, məhsul hazırlamağı, loqotip dizayn etməyi və brend yaratmağı öyrənəcəklər.
Biznes laboratoriyasında isə sahibkarlığın əsasları, hədəf auditoriyasının müəyyənləşdirilməsi, qiymət siyasəti, biznes modelləri, marketinq və satış strategiyaları haqqında biliklər əldə edəcəklər.
İştirakçılar hazırladıqları layihələri Startap Forumunda təqdim edə, MiniBoss Milli Çempionatında iştirak edə və layihələrinin inkişafı üçün qrant qazanmaq uğrunda mübarizə apara biləcəklər. Proqramı başa vuran uşaqlara fərdi sertifikatlar təqdim olunacaq.

