“Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında sərəncam imzalayıb. Milli Park Ağdərə, Xocalı, Kəlbəcər, Şuşa və Laçın rayonlarının ərazilərini əhatə edəcək”.
“Tehsil365” xəbər verir ki, sərəncama əsasən, Qarabağ Milli Parkının yaradılması üçün ümumilikdə 88 418 hektar torpaq sahəsi ayrılıb. Ərazinin böyük hissəsi Ağdərə və Xocalı rayonlarının payına düşür.
Sərəncamın əsas məqsədləri arasında regionun zəngin ekosisteminin və biomüxtəlifliyinin qorunması, təbii irsin bərpası, təbii sərvətlərdən dayanıqlı istifadə və ekoturizmin inkişafı yer alır.
Sənəddə qeyd olunur ki, regionun təbii ekosistemlərinin və nadir bitki və heyvan növlərinin qorunması xüsusi əhəmiyyət daşıyır. Milli Parkın yaradılması xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi istiqamətində atılan addımlardan biridir.

