“Şahdəniz Kompressiya” layihəsi çərçivəsində platformanın təməlini təşkil edəcək dörd boru svayının Xəzər dənizində quraşdırılması başa çatıb. Bununla da layihə üzrə dənizdə tikinti işlərinə başlanılıb.
“Tehsil365” xəbər verir ki, bu barədə BP şirkətinin məlumatında bildirilib.
Məlumata görə, son həftələr ərzində dörd boru svayı “Xankəndi” sualtı tikinti gəmisi vasitəsilə dənizə daşınıb və quraşdırılıb. Hər bir svayın uzunluğu təxminən 70 metr, diametri 108 düym, çəkisi isə 292 ton təşkil edir.
Quraşdırma zamanı svayların sabitliyini və şaquli vəziyyətini təmin etmək üçün xüsusi hazırlanmış 188 tonluq sualtı dayaq çərçivəsindən istifadə olunub. Həmçinin, regiondakı əməliyyatlarda ilk dəfə svay tıxacı texnologiyası tətbiq edilib.
BP-nin məlumatına əsasən, layihənin növbəti mühüm mərhələsi olan platformanın əsas konstruksiyasının quraşdırılması 2028-ci ilin ilk yarısına planlaşdırılır.

